Formula 1: Bakıya 100-dən çox ölkədən azarkeş gələcək

post-img

Əzəmətli Bakı trası Formula 1 həyəcanını yaşamaq istəyənlər üçün yeni və təkrarsız yarış həftəsi keçirməyə hazırdır. “Gözlənilməzə hazır ol” şüarı altında keçirilən növbəti Formula 1 Azərbaycan Qran-Prisində yeni rekordların qeydə alınmasının davam etməsi yarışın daha da möhtəşəm olacağına əsaslı zəmin yaradır. 

Ötən illərdə keçirdiyimiz altı yarış­la müqayisədə Azərbaycan Qran-Pri­si tarixində ilk dəfədir ki, bilet satışı ən yüksək səviyyəyə çatır. Digər ye­nilik isə ondan ibarətdir ki, dünyanın 100-dən çox ölkəsindən azarkeşlər ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışı tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu rekord beynəlxalq arenada 2023 Formu­la 1 Azərbaycan Qran-Prisinə olan böyük marağın və diqqətin ən bariz nümunəsidir. Üçüncü yüksək göstəri­ci isə son altı illə müqayisədə Azər­baycana Qran-Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayında qeydə alınıb. Azarkeşlərin Bakı trasında keçiriləcək yarışa olan böyük marağı nəticəsində Sahil, Abşeron “B” sekto­ru, Filarmoniya tribunalarından sonra Muğam və Bulvar tribunalarına olan biletlər də tamamilə satılıb. Beləliklə, adıçəkilən bu tribunalara biletlərin 90 faizi sahibini tapıb. 

Bakı Şəhər Halqasının (BŞH) mətbuat katibi Turab Teymurov həyəcanın maksimum həddə olaca­ğı bu yarışda tamaşaçılara yerlərini əvvəlcədən tutmağa səsləyib: “Bilet satışı sürətlə davam edir. Formula 1 Azərbaycan Qran-Prisi gözlənilməz və maraqlı hadisələrlə dolu bir yarış­dır və görürük ki, Bakı yarışının bu xüsusiyyəti bilet satışında da öz əksi­ni tapır. Bütün F1 azarkeşlərini yeni­dən Bakıda salamlamağı səbirsizliklə gözləyirik”. 

Azarkeşlərin sevimli şəhər yarışı olan Formula 1 Azərbaycan Qran-Pri­si həm trekdə, həm də trekdən kə­narda onlara fasiləsiz adrenalin və bol əyləncə yaşatmağı vəd edir. Onu da vurğulayaq ki, cari mövsümün ilk sprint yarışı məhz Bakıda keçiriləcək və avtoidman həvəskarları dünya ul­duzları DJ Don Diablo və Hardwell tərəfindən baş tutacaq əsas konsert­lərdən zövq ala biləcəklər. 

Dünən BŞH KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, iş qrafiki, akkreditasiya prosesi, jurna­list və fotoqrafların iş prinsipləri barə­də seminar da təşkil edib. Seminarda yarış barədə ümumi məlumat verilib, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi haqqında danışılıb.

Qeyd olunub ki, ümumilikdə 90-a yaxın yerli media nümayəndəsinin akkreditasiya üçün müraciəti qeydə alınıb. 

Bakının yeddinci dəfə evsahib­liyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-30-da keçirilə­cək. 

L.AZAD, “Xalq qəzeti”

İdman