Polşada keçiriləcək III Avropa Oyunlarında iştirak edəcək Azərbaycan şahmatçılarının adları açıqlanıb. Belə ki, bu nüfuzlu turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər. “Xalq qəzeti”nə eksklüziv müsahibəsində Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov yarışda rəqabətin güclü olacağını bildirdi.
Federasiya rəsmisi qeyd etdi ki, Avropa Şahmat İttifaqının böyük səylərindən sonra şahmat Avropa Oyunlarının proqramına salınıb: “Krakovda keçiriləcək Avropa Oyunlarında şahmat yarışları ilk dəfə təşkil ediləcək. Blits üzrə keçiriləcək yarışın rəqabət səviyyəsi yüksək olacaq. Qitənin ən güclü 8 komandası turnirdə mübarizə aparacaq. Hər komandanın heyəti 2 nəfərdən (1 kişi və 1 qadın şahmatçı) ibarət olacaq.
F.Həsənov onu da qeyd etdi ki, yarışa əmsalı 2600-dən yuxarı kişi, 2400- dən çox qadın şahmatçılar buraxılacaq. Ölkəmizi də ən güclü kişi və qadın şahmatçımız – Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər. Artıq onların yarışa hazırlığı başlayıb. Hər iki idmançımızın Avropa Oyunlarında yaxşı nəticə əldə etmək üçün böyük potensialları var. Şahmatçılarımızdan Avropa Oyunlarında qələbə gözləyirik.
Qeyd edək ki, komandanın heyəti ilə bağlı ərizə təşkilatçılara göndərilib. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib.
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk dörd yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Leyla QURBANOVA, “Xalq qəzeti”