Kosmosu fəth edənlər...

post-img

12 Aprel Beynəlxalq Kosmonavtika Günüdür. Bu tarix əvvəllər yalnız keçmiş SSRİ-də yad edilirdi. Sonradan BMT Baş Assambleyasının 65- ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən, 12 Aprel Beynəlxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi bütün dünyada qeyd olunur. 

Məlum olduğu kimi, 1961-ci il aprelin 12-də sovet vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisində Yer kürəsinin ətrafında orbital uçuş hə­yata keçirərək kosmik dövrün əsasını qoydu. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mə­nimsənilməsinin başlanğıcı oldu. Kos­mosun tədqiq edilməsi ABŞ və SSRİ arasında strateji yarış şəklini alsa da, sonralar bu, bir əməkdaşlığa çevrildi. SSRİ dağıldıqdan sonra bu işi Rusiya Federasiyası davam etdirir. 

1969-cu ildə isə ABŞ astronavtları ilk dəfə Ayın səthinə eniblər. Bu günə qədər kosmosa təqribən 517 insan uçub, onlardan 55-i qadındır. Dünyada ilk qadın kosmonavt məhz rus Valenti­na Tereşkovadır. Təəssüf ki, indiyədək 22 kosmonavt müxtəlif şəraitdə həya­tını itirib. 

Məlumat üçün bildirək ki, vətən­daşları kosmosa uçuş keçirən ölkələr bunlardır: SSRİ, Rusiya, ABŞ, Çexos­lovakiya, Polşa, Almaniya, Bolqarıstan, Macarıstan, Vyetnam, Kuba, Monqo­lustan, Rumıniya, Fransa, Hindistan, Kanada, Səudiyyə Ərəbistanı, Nider­land, Meksika, Suriya, Əfqanıstan, Yaponiya, Böyük Britaniya, Avstriya, Qazaxıstan, Belçika, İtaliya, İsveçrə, Ukrayna, İspaniya, Slovakiya, Cənubi Afrika Respublikası, İsrail, Çin, Brazi­liya, İsveç, Malayziya və Koreya Res­publikasıdır. 

Fəxrlə qeyd edək ki, sovet kosmo­navtikasının baniləri arasında görkəmli həmyerlimiz Kərim Kərimovun da adı var. O, “R-22” raketlərinin istehsalın­da müstəsna rol oynayıb.1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarı­lıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Sovet kosmonavtla­rının arasında Bakıda yaşayıb təhsil almış Vitali Jolobovun və həmyerlimiz Musa Manarovun da adları var. 

Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib. İxtisasca həkim olan Valeri Polyakov isə “Mir” stansiyasında bir ildən çox – 437 sutka 17 saat növbə çəkib. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

 

Sosial həyat