Rusiya parlamenti UEFA rəhbərinin rusların qayıtması ilə bağlı açıqlamasına reaksiya verib.
Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri Dmitri Svişşov UEFA prezidenti Aleksandr Çeferinin Rusiya komanda və klublarının beynəlxalq arenaya qayıtması ilə bağlı bəyanatına münasibət bildirib.
Xatırladaq ki, cənab Ceferin bundan öncə bildirmişdi ki, Rusiya-Ukrayna müharibəsi başa çatana qədər təşkilat üçün bu məsələdə nəyisə dəyişmək çətin olacaq.
D.Svişşovun sözlərinə görə, bütün bunları gözlənən idi: “Futbolumuzun beynəlxalq arenaya qayıtma ehtimalı az idi və indi bunun təsdiqini almışıq. Olmamalı olanlar oldu. Rusiya Futbol Federasiyası öz yolu ilə getməlidir, UEFA-ya baxmamalıdır”.
Rusiyalı deputat düşünür ki, ölkə futbolunun inkişafı haqqında düşünmək, dünyadan qapanmamaq lazımdır. “Əgər irəli getmək imkanı varsa, o zaman Cənubi Amerika, Asiya, Afrikada futbola baxmaq olar”, -deyən D.Svişşov əlavə edib ki, UEFA ilə dialoq davam etdirilməlidir. Bununla belə o, vurğulayıb ki, “kimin daha çox itirdiyi hələ ki, bəlli deyil: “Avropa yenə də arxamızca qaçacaq”.
Əlavə edək ki, FIFA prezidenti Canni İnfantino da Rusiya futbol federasiyasının UEFA-dan Asiya futbol federasiyasına keçidini dəstəkləyib.
FİFA tərəfindən heç bir “maneə” olmayacaq. FİFA rəhbərliyinin bu mövqeyi bu gün UEFA-nın Lissabonda keçirilən Konqresində Rusiya nümayəndə heyətinə bildirilib.
Elçin ABBASOV,
“Xalq qəzeti”