Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb. Voleybol Mərkəzində təşkil olunan XII turda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə üz-üzə gəlib. Görüşlərin hər ikisində 3:0 hesabı qeydə alınıb.
“Abşeron” – “Murov” qarşılaşması ilə start götürən XII turda Famil Ağayevin komandası hər üç setdə qalib gəlib. Beləliklə, matç “Abşeron”un 3:0 hesablı qələbəsilə yekunlaşıb.
XII turun son qarşılaşması “Azərreyl” və UNEC komandaları arasında olub. Rəqibinə şans verməyən “Azərreyl” də matçda 3:0 hesablı qələbəyə sevinən tərəf olub.
Beləliklə, əsas mərhələnin son turundan sonra komandaların turnir cədvəlindəki mövqeyi belədir: 29 xalla “Azərreyl” birinci, 23 xalla “Abşeron” ikinci, 20 xalla “Murov” üçüncü, hesabında xal olmayan UNEC isə dördüncü olub.
Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Azərreyl” dördüncü yerin sahibi UNEC-lə, ikinci olan “Abşeron” isə üçüncü yeri tutan “Murov”la üz-üzə gələcək. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
E.AĞAMİRZƏ, “Xalq qəzeti”