Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürüb. Beş gün davam edəcək yarışda Azərbaycan yığması 14 idmançı ilə təmsil olunur.
Azərbaycan Boks Federasiyasının məlumatına görə, baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcək.
Qızlardan ibarət yığma məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, turnirdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq), Qızbəs İsgəndərli (57 kq) və Emili Rzayevanı (66 kq) sınayacaq.
Yarışda hakimlər sırasında isə Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev yer alacaq.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

