Mətbuat Şurasında “Şirməmməd Hüseynov mükafatı” təqdim edildi

post-img

Parlament Jurnalistləri Birliyinin təsis etdiyi “Şirməmməd Hüseynov mükafatı”nın 2022-ci il üzrə laureatı Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Vilayət Quliyev olub. Azərbaycan Mətbuat Şurasında mükafatın təqdim olunması ilə bağlı toplantı keçirilib. 

Tədbiri giriş sözü ilə açan AMŞ sədri Rəşad Məcid bildirib ki, us­tad Şirməmməd Hüseynovun adını daşıyan mükafatın iki il öncə təsis edilməsi onun böyük irsinə dərin ehtiramın nümunəsidir. Jurnalistlərin unudulmaz müəllimi həm də Azər­baycan Xalq Cümhuriyyəti tarixinin ən nüfuzlu tədqiqatçısı idi. AMŞ sədri ustadın adı ilə bağlı mükafatın layiqli namizədlərə çatmasının onun dəyə­rini daha da artırdığını qeyd edib. O, Vilayət Quliyevin diplomatik fəaliyyəti ilə bərabər, Azərbaycan ədəbiyyat­şünaslığına və publisistikasına da sanballı xidmət göstərdiyini diqqətə çatdırıb. 

Tanınmış jurnalist, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova həyat yoldaşı Şirməmməd Hüseyno­vun adını daşıyan mükafatın AXC irsini yaşadan dəyərli şəxslərə təqdim edilməsindən razılığını bildirib, mərhum professorun özünün də Vilayət Quliyevin məfkurə irsimizin öyrənilməsində xid­mətini yüksək dəyərləndirdiyini söyləyib. 

AMŞ İdarə Heyətinin üzvü, Parlament Jurna­listləri Birliyinin sədri Elşad Eyvazlı Şirməmməd Hüseynov mükafatı ilə bağlı tələblərdən söz açaraq, laureat V.Quliyevin bütün parametrlər üzrə layiqli seçim olduğunu bildirib. 

Professor Vilayət Quliyev Şirməmməd Hüseynov mükafatına layiq görülməsini böyük şərəf kimi dəyərləndirib, yüksək etimada görə təşəkkürünü bildirb. O, Azərbaycan elminin və publisistikasının inkişafı üçün bundan sonra da həvəslə çalışacağını söyləyib. 

Milli Məclisin deputatları Aqil Abbas və Vüqar İsgəndərov, AMŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal laureatı səmimi təbrik ediblər, PJB-nin “Şirməmməd Hüseynov mükafatı”nı ustad qələm sahibinin, əvəzsiz müəllimin, böyük ziyalının və alimin irsinə ehtiramın, yüksək qədirbilənliyin nümunəsi kimi qiymətləndiriblər. 

Xatırladaq ki, 2019-cu ildə təsis olunmuş “Şirməmməd Hüseynov mükafatı”nın 2020-ci il üçün laureatı araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildəki lauretı isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olublar. 

 

“Xalq qəzeti”

Son xəbərlər