Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatında komandamız uğurla çıxış edir.
7-ci turda ölkəmiz üçün prinsipial görüş beynəlxalq idman ustası Əhməd Əhmədzadənin Ermənistan təmsilçisi, qrossmeyster Ter-Saakyan Samvel ilə qarşılaşma idi. Qara fiqurlarla oynamasına baxmayaraq həmyerlimiz erməni qrossmeysteri mat qoymağı bacarıb. Bu qələbədən sonra Əhməd Əmədzadənin beş xalı olub.
Nicat Abasov FİDE bayrağı altında çıxış edən rusiyalı Aleksey Sarana ilə heç-heçə edib. Bu bərabərlik həmyerlimizə yarım xal qazandırıb. Hazırda Nicat Abasov turnir cədvəlində (5,5 xal) eyni xala malik rəqibləri ilə 11-12-ci yerləri bölüşür.
Beynəlxalq dərəcəli qrossmeysterimiz Namiq Quliyev isə Gürcüstan şahmatçısı Noy Tuhisiani ilə qarşılaşıb. Bu dəfə də qara fiqurlarla oynayan həmyerlimiz gürcü rəqibi üzərində inamlı qələbə qazanıb. Hazırda onun aktivində 5 xalı var.
Yeddinci turda Bosniya-Herseqovina təmsilçisi ilə üz-üzə gələn beynəlxalq dərəcəli qrossmeyster Vüqar Rəsulov da rəqiblə dueldən qalib ayrılıb, xallarının sayını 4,5-ə yüksəldib. Abdulla Qədimbəyli ilə Əhməd Xaqanın Serbiya dueli isə sülhlə başa çatıb. Hazırda həmyerlilərimizin hesabında hərəyə 4,5 xal var.
Qadın təmsilçimiz beynəlxalq idman ustası Ülviyyə Fətəliyeva (3,5 xal) isə serbiyalı qrossmeyster İviç Velimirlə görüşdən məğlub ayrılıb.
Qeyd edək ki, martın 14-də yekunlaşacaq çempionatda ən yaxşı nəticə göstərən 23 şahmatçı bu il yayda Bakıda keçiriləcək dünya kubokuna vəsiqə əldə edəcək.

