Dörd gimnastımızdan 3-ü finalda

post-img

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku turnirinin ikinci günündə kişilər dayaqlı tullanma, dəstəli at, turnik, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə təsnifat yarışlarında güclərini sınayıblar. Gimnastların bir-birindən maraqlı çıxışları, nəfəs kəsici hərəkətlərin nümayişi yarışa xüsusi rəng qatıb. Onların arasında Azərbaycan təmsilçilərinin əzmkar çıxışlarını xüsusilə vurğulamaq lazımdır. 

Yarışın birinci günündə halqalar ilə hərəkətlərin icrasın­da yüksək nəticəyə imza ataraq finala çıxan Nikita Simonovdan sonra komandamızın daha bir üzvü İvan Tixonov da uğurla çıxış edib. O turnikdə təqdim etdiyi proqrama görə hakimlər tərəfindən 13,933 xal alıb. İd­mançımız bu nəticə ilə təsnifat mərhələsində altıncı olub və finala vəsiqə qazanıb. Təmsilçi­miz dəstəli atda çıxışı üçün isə hakimlərdən 13,100 xal alaraq 20-ci pillədə qərarlaşıb.

Komandamızın digər üzvü Nazənin Teymurova da təsni­fat mərhələsində yaxşı nəticə göstərib. Qadın təmsilçimiz sər­bəst hərəkətlərdə 12,566 xalla 5-ci yeri tutaraq finala adlayıb. İdmançımız gimnastika tirində 24-cü sırada qərarlaşıb. 

Gimnastika tirində mübarizə aparan komandamızın digər qadın üzvü Samirə Qəhrəma­nova isə 11,100 xalla 30-cu olub.

Bununla da, Dünya Kuboku­na qatılan dörd idmançımızdan 3-ü bu mötəbər yarışın finalın­da qalib adı uğrunda mübarizə aparmaq hüququ qazanıb. 

Bu gün keçiriləcək final ya­rışında kişilər sərbəst hərəkət­lər, paralel qollar və halqalar, qadınlar isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə güclərini sınayacaqlar. 

Gimnastlarımızdan Nikita Simonov bu gün halqalar ilə proqramını təqdim edəcək. Sa­bah isə İvan Tixonov və Nazə­nin Teymurova mübarizəyə qa­tılacaqlar. Qeyd edək ki, Nikita Simonov ötən həftə Qətərdə keçirilən Dünya Kubokunun mərhələ yarışında üçüncü yeri tutub. İvan Tixonov isə Tokio Olimpiadasının iştirakçısıdır. Komandamızın digər üzvü Nazənin Teymurova Azərbay­canın qadın idman gimnastikası tarixində ilk dəfə Avropa çempi­onatında gənclər kateqoriyasın­da finalda mübarizə aparıb. Hər üç gimnastımızın mükafatçılar sırasına düşməsi üçün potensi­alı var və onlardan uğurlu nəti­cələr gözləyirik. 

Xatırladaq ki, yarışda rekord sayda – 48 ölkədən 173 idman­çı iştirak edir. 

 

Leyla QURBANOVA



İdman