Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında on birinci turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı “Murov” və MOİK komandaları arasında baş tutub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin məlumatına görə, keçirdiyi bütün görüşlərdə qalib gələn “Murov” bu matçda da qələbəyə sevinən tərəf olub. Fərid Cəlalovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib və aktivinə daha üç xal yazdırıb.
Turun son matçı isə “Xarıbülbül” və “Neftçi” klubları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni (hər iki setdə 25:23 hesabı ilə) aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib. “Xarıbülbül” əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq meydandan qalib ayrılıb – 3:2 (25:20, 25:16, 15:12).
Beləliklə, XI turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik “Xarı- bülbül” ikinci, 13 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

