Sofiyada uğurlu start

post-img

Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunan ənənəvi turnirə güləşçilərimiz uğurla başlayıblar. 


Belə ki, ənənəvi yarışda ilk medalçılar müəyyənləşib. Sərbəst güləşçilərimizdən İntiqam Vəlizadə (61 kq) israilli Daniel Popova (5:1), gürcüstanlı Nika Zakaşviliyə (3:0) və bolqarıstanlı Georgi Vangelova (2:1) qalib gələrək finala yüksəliblər. Həll­edici görüşdə türkiyəli Recep Topala (1:4) məğlub olan İntiqam gümüş medal qazanıb. İbrahim Yusubov (92 kq) ilk mərhələdə ukraynalı Denis Sahaliuku 7:2 hesabıyla üstələsə də, 1/4 finalda Bolqarıstan təmsilçisi Ahmed Batayevə uduzub – 3:7. İbrahim bürünc medal uğrunda görüşdə moldovalı Andrian Qrosul (6:1) üzərində inamlı qələbə qazanaraq ölkəmizin hesabına 2-ci medalı yazdırıb. 
Elis Manolova (62 kq) A qrupunda 2 amerikalı güləşçiyə rəqib olub. Cenifer Peyc Rocerslə (4:9) bacarmayan qadın güləşçimiz əvəzində Canida Cam Qarsiyanı üstələyib – 3:0. Qrup ikincisi kimi yarımfinala yüksələn Elis yaponiyalı Yuzuka İnaqakiyə uduzub – 0:6. Manolova bürünc medal uğrunda görüşdə yenidən Rocerslə qarşılaşacaq. 
Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

 

Elçin AĞAMİRZƏ,  
“Xalq qəzeti”

İdman