Zərif məxluqun ağır mübarizəsi

post-img

Qadınların güc idman növləri ilə məşğul olması xalqımızın adət, ənənə, mentaliteti baxımından həmişə mübahisə predmeti olub. Qadın və kişilərin zəif və güclü cinsin nümayəndələrinə ayrılması, “qadına kişi arxa-dayaq olmalıdır”, yaxud “yaxşı qadınlar ürəkdən itaətkar olarlar” məntiqi müasir dövr üçün nə qədər yararsız olsa belə, stereotiplər qalmaqdadır. 

Güləş, boks, cüdo, ağırlıqqaldırma, karate və digər idman növlərində qadın təmsilçiliyinə nəzər salmaq kifayətdir ki, bu fərqi hiss edək. 

Bu yazımızda cəmiyyətimizdə çoxluğun fikrincə, qadınlarımız üçün uyğunsuz, çətin sayılan idman növ­lərindən biri – ağır atletikadan söhbət açacağıq. Bu idman növünün qadın sağlamlığı üçün faydalı və zərərli cəhətləri, qızların ağır atletikaya cəlb olunmasının vəziyyəti, bu sahədə qar­şıya çıxan çətinliklərdən bəhs edib, onların gələcək perspektivlərinə nəzər salacağıq. 

Qadın ağırlıqqaldıranlar elm və texnikanın inkişaf ediyi çağdaş dövrdə – “Sidney-2000”-dən başlayaraq Olim­piya Oyunlarında iştirak etməyə baş­layıblar. Bu faktın özü ağır atletikanın qızlar üçün nəinki zərərli, hətta faydalı olduğunu üzə çıxarır. Çünki Olimpiya Xartiyasına uyğun olaraq insan həya­tına, sağlamlığına zərərli olan idman növləri proqramdan xaric edilir. 

Ağır atletika üzrə Azərbaycan çem­pionu və bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçısı, hazırda isə məşq­çi kimi çalışan Elnarə Abbasovanın fik­rincə, qadınların güclü olması onlarda özlərinə qarşı əminlik hissini artırır ki, bu da onların həyatda özlərini tapma­sına kömək edir: “Tez-tez belə bir fikirlə rastlaşırıq ki, cəmiyyətin tələbindən ya­ranan qayda-qanunlar var və onlara ri­ayət etməliyik. Məsələn, güc nümayişi, özgüvənlik, enerjili olmaq, seçilməyə meyillilik kişilərə, zəif və zəriflik qadın­lara xas xüsusiyyətdir. Bəs biz qadın­lar da haqlı olaraq belə bir sual veririk. Zəif, qorxaq, həmişə dəstək gözləyən qadından gələcəyin güclü kişisini ye­tişdirməyi necə gözləyə bilərsiniz? Şəxsən tanıdığımız qadın idmançılar var ki, ad-san qazanaraq cəmiyyətdə seçiliblər”.

Ağır Atletika Federasiyasının mət­buat xidmətinin rəhbəri Kənan Məstə­liyevdən qızların idmana cəlb edilməsi ilə bağlı öyrəndiyimiz maraqlı statistika diqqətimizi cəlb etdi. Belə ki, yalnız ötən il 9-10 yaşdan tutmuş böyüklərə qədər məşqə qoşulanlardan 50-si fa­siləsiz şəkildə bu idman növünün sirlə­rini öyrənməkdə davam edir. Bölgələrə gəlincə, Qazax və Lənkəranda qızların sayı çox olub ki, bunun da obyektiv sə­bəbləri var. Belə ki, ölkənin qərb və cə­nub regionlarından çıxmış qadın ağır­lıqqaldıranların – Elnarə Abbasova, Mərziyyə Məhərrəmova, Gülçin Əliza­də, Səbinə Əzimova, Lalə Rzazadə və digərlərinin beynəlxalq yarışlarda uğur qazanması gənc nəsil üçün nümunə rolunu oynayıb. Daha bir maraqlı fakt odur ki, ötən ilin dekabrında keçirilən son ölkə kuboku yarışında 25 qadın idmançı iştirak edib ki, bu da Azərbay­canın ağır atletikası tarixində bir ilk, bir rekord olub. 

Növbəti Olimpiya Oyunlarında iş­tirakçı komandalar qarşısında gender bərabərliyinin təmin olunması tələbinin qoyulması bu sahədə başlamış ciddi işlərdən xəbər verir. Elə Azərbaycanda da qadın idmançılar arasında yüksək nailiyyətlər əldə edəcək idmançıların yetişməsi dövlətin prioritet istiqamətlə­rindəndir. 

Burada məqsəd, həm də cəmiyyət üçün sağlam qadın, sağlam nəsil yetiş­dirməkdir. 

 

Aydın AĞAƏLİYEV,
Ağır Atletika Federasiyasının həkimi

 

Cəmiyyətdə qızların ağır atletika ilə məşğul olmasına mane olan əsassız fikirlərə təəssüf ki, hələ də rast gəlinir. Bəziləri bu idman növü ilə məşğul ola­caq qadının kobud görünəcəyini, kişiyə oxşayacağını deyir. 

Amma bilməliyik ki, insanın yekə, kobud olması onun genetikasından asılıdır. Var əzələli, bir də kobud bə­dən. Kobud bədən hərəkətsizlikdən deformasiyaya uğramış bədəndir. Ək­sinə, bu idman növü ilə məşğul olan qızlarda gözəl bədən quruluşu forma­laşır.

Amma artıq çəkiyə görə kompleks keçirən qızlar bəzən təbiətin onlara vermədiyi gözəlliyi idmanda tapır, şəx­siyyət kimi formalaşırlar. 

Şübhəsiz, hər məşqdə toplam bir neçə ton çəkini başı üzərinə qaldıran bədən əzələli, qollar, çiyinlər daha güc­lü olur. Bəzən insanlar ağırlıqqaldırma­nı əzələ yığmağa hesablanmış pauer­liftinq, bodibildinqlə səhv salırlar. Ağır atletikada isə həddindən artıq əzələli qollar, yaxud ayaqlar sürəti azalda bilər. 

Stereotiplərdən biri idmançı qadı­nın səsinin qalınlaşması ilə bağlıdır. Əslində, bu, qadağan edilmiş dərman­lara görə ola bilər. 

Aşağı çəkili qızın ağır yükün öhdə­sindən gəlməsi bəzilərinə təəccüblü gəlir. Onlar bu çəkini qaldirmaq üçün ən az çəkidən başlayır və bunu 15-20 dəfə artırıb ağır çəkiyə bədəni öyrəş­dirirlər. 

Ağır atletika ilə məşğul olan qızla­rın dünyaya uşaq gətirmələri ilə bağlı problemlər yaranır, deyənlər də səhv edirlər. Əksinə, bu idman növü ilə məş­ğul olan qadınlarda bud-çanaq hissə, qarın əzələləri möhkəm olur ki, bu da doğuş prosesinin daha rahat keçməsi üçün şərait yaradır. Hətta qadın idman­çı hamiləlik dövründə belə adaptasiya edilmiş məşqləri davam etdirə bilər. Araşdırmalar nəticəsində müəyyən edilib ki, hamilə qadının fiziki təmrinlə­ri yerinə yetirməsi nəinki uşağa zərər vurmur, ananın sağlamlığını və həyat keyfiyyətini artırmaqla yanaşı, çəkisi­nin artmasının qarşısını alır. 

Bəzilərinin məntiqi ilə isə mütəmadi olaraq ştanq qaldırmaq, çətin məşqlər etmək yorucudur və sağlamlığa ziyan­dır. Diqqət etsək, görərik ki, idman, o cümlədən ağırlıqqaldırma məhz doğru qidalanma, düzgün həyat tərzi, ciddi rejim təlqin edir. 

Ona görə də valideynləri uşaqlarını idmana, eləcə də ağırlıqqaldırma id­man növünə istiqamətləndirsələr onlar həm sağlam olarlar, həm də gələcəkdə idmançı kimi yetişib, yüksək nailiyyət­lər əldə edə bilərlər.

 

Leyla QURBANOVA





İdman