Azərbaycan Şahmat Federasiyası “Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib.
Federasiyanın mətbuat xidmətinin məlumatına görə, il ərzində paytaxt Bakıda və digər şəhərlərdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil edəcək. Silsilə tədbirlər sırasında Bakıda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azərbaycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin qayğısı və dəstəyi sayəsində dünya idmanına Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və digər nəhəng şahmatçılar bəxş olunub.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”