Zərif duyğulu mahnılar bəstəkarı

post-img

Görkəmli bəstəkar Oqtay Kazıminin mahnıları insanı öz nağıl dünyasına apararaq, onu bu nağılın bir də heç vaxt bitməyəcəyinə inandırır. Bəstəkarın musiqiləri insan duyğularının ən dərin qatlarına enərək dinləyicini bu mahnılara dönə-dönə qulaq asmağa sövq edir. Onun sakitliyi və təmkinliyi arxasında gizlənən coşğunluğu, həssaslığı və həyəcanı bəstələdiyi musiqilərdə də özünü büruzə verir. 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbay­can Respublikasının Xalq artisti, ilk rok operettasının müəllifi, bəstəkar Oqtay Kazıminin 90 illik yubileyi ilə əlaqədar konsert təşkil olunub. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Konservatori­yasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qu­lamova Oqtay Kazıminin vətənini, xalqını, torpağını sevən bir sənətkar olduğunu qeyd edib. Bəstəkarın yaradıcılığının ötən əsrin 60-cı illərindən başlayaraq XXI əsrin ilk on illiyi də daxil olmaqla əlli ilə qədər olan bir dövrü əhatə etdiyini vurğulayıb: 

“Bəstəkar bu illər ərzində bəstələdiyi müxtəlif janrlı musiqi əsərlərində insanların həyatını əks etdirib. Buna görə də geniş dinləyici kütləsinin məhəbbətini qazanıb. O mahnı bəstəka­rı kimi tanınsa da, yaradıcılığı çoxşaxəli olub. Belə ki, bir çox səhnə əsərləri, kamera-instrumental, vokal, simfonik musiqi nümunələri ilə Azərbaycan musiqi tarixində silinməz izlər qo­yub. 16 simfonik, 10 vokal-simfonik, onlarla kamera-instrumen­tal əsərlərini ərsəyə gətirən bəstəkar, həmçinin 500-ə qədər mahnının müəllifi olub”. 

Sonra, Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, İlhamə Qasımova, Mətin Rzazadə, Aytən Məhərrəmovanın ifa­larında bəstəkarın mahnıları səsləndirilib. 

 

Fidan HÜQUQQIZI,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”





























Mədəniyyət