Cüdoçumuz Zelim Kotsoyev Olimpiya reytinq siyahısında birinci pilləyə yüksəlib

post-img

Fevralın 18-də Tel-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin son günündə mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev (100 kq) finalda niderlandlı Mixael Korrelə qalib gələrək qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc olunan məqaləyə əsasən, Z.Kotsoyev dünya cüdo turunda artıq stabil və davamlı nəticə əldə edib. O, ardıcıl olaraq Özbəkistanda dünya çempionatında, İsraildə “Masters” və Fransada “Böyük dəbilqə” turnirlərində bürünc medala sahib olub.

Müəllifin sözlərinə görə, iki idmançı arasında dünya reytinqində fərq az idi. Belə ki, M.Korrel dünya reytinqində ikinci, Z.Kotsoyev isə üçüncü yerdə qərarlaşıb. Final görüşü zamanı M.Korrel iki “şido” alıb. Niderlandlı idmançı Z.Kotsoyevin sürətinə çata bilməyib və idmançımız “sato-makikomi” nümayiş etdirərək “ippon”la qalib gəlib.

Hazırda Z.Kotsoyev Olimpiya reytinq siyahısında birinci yerdə qərarlaşıb.

İdman