Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nın təsdiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.10-cu yarımbəndin birinci cümləsində “gəlirinin” sözündən sonra “(“Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hərbi qulluqçulara verilən maliyyə dəstəyi nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

2.2. 3.1.11-ci yarımbənddə “qanunla” sözü “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 898 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 6 iyun tarixli 88 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1.3-cü yarımbəndə “qiymətləndirici” sözündən sonra “, bu Əsasnamənin 8.7-ci bəndinə münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra – Nazirlik)” sözləri əlavə edilsin;

3.2. 8-ci hissə üzrə:

3.2.1. 8.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“8.1.4. ipoteka kreditinin verilməsi üçün müvəkkil banka, habelə “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanında nəzərdə tutulmuş hallarda dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə elektron müraciəti real vaxt rejimində Nazirliyə göndərmək;”;

3.2.2. aşağıdakı məzmunda 8.7-ci bənd əlavə edilsin:

“8.7. Hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi üzrə Nazirlik aşağıdakı istifadə imkanlarına malikdir:

8.7.1. maliyyə dəstəyi göstərilməsi üçün tələb olunan məlumatları almaq;

8.7.2. maliyyə dəstəyi göstərilməsinə dair müvafiq qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;

8.7.3. maliyyə dəstəyi göstərilməsi dayandırıldıqda, yaxud yenidən bərpa edildikdə Fonda və müvəkkil banka məlumat vermək;

8.7.4. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.”;

3.3. 9.5-ci bəndə “Ərizəçi” sözündən sonra “və Nazirlik” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

5.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təklifləri əsasında bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada nəzərdə tutulmuş maliyyə dəstəyi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ayrılmasını təmin etsin;

5.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydada nəzərdə tutulmuş hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditinin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün müvafiq illərdə dövlət büdcəsindən vəsait ayrılması ilə bağlı tədbirlər görsün.

6. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 sentyabr 2024-cü il

Fərmanlar