ATMU-da elmi-praktik seminar keçirilib

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi  kafedrasının təşkilatçılığı ilə “Qonaqpərvərlik və qida sənayesində terminoloji lüğətin əhəmiyyəti və mahiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.

 Seminarda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Turizm Peşə Məktəbi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AzAqroFermer və digər təşkilatların nümayəndələri, o cümlədən ATMU-nun elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Mehmanxana və restoran biznesi  kafedrasının müdiri Novruz Quliyev və kafedranın professor-müəllim heyəti iştirak edib. 

Seminarın əsas mövzusu qida mühəndisliyi və qida sənayesində mövcud olan problemlərə – qida sənayesində terminoloji standartlaşma, qida məhsullarının xarici ticarəti və ixracı zamanı standart terminlərin tətbiqi, təhsil və peşəkar inkişafda terminoloji lüğətin əhəmiyyəti, müxtəlif texnoloji proseslər, qida məhsullarının tərkib hissələri və istehsal şərtləri barədə doğru və dəqiq məlumatların verilməsi kimi məsələlərə həsr edilib. 

Seminarda qida sənayesi ilə bağlı müxtəlif terminlərin Azərbaycan dilinə tərcüməsi və izahı, həmçinin yerli və beynəlxalq tələblərə uyğunluq məsələləri müzakirə edilib.

Qida, o cümlədən şərab məhsullarının etiketlənməsi, çeşidinin və tərkibinin, üzüm sortlarının düzgün açıqlanması üçün terminologiyanın xüsusi rolu diqqətə çatdırılıb.

Təqdimatların, seminarların, praktiki təlimlərin və aparılan müzakirələrin qida sektorunda daha aydın bir terminoloji lüğətin hazırlanmasında faydalı olması iştirakçılar tərəfindən vurğulanıb.

Qida sənayesində terminoloji lüğətin hazırlanması və tətbiqinə dair ali məktəblər, dövlət və özəl sektorlardan daha çox dəstək, təşkilatçılar və iştirakçılar tərəfindən gələcəkdə bu mövzuda daha çox tədbir, seminarların keçirilməsi ilə bağlı fikirlər səslənib.

 

Z.HÜSEYNOVA

XQ





Elm