Türkiyənin hakim partiyası qarşıdakı illər üçün prioritetləri müəyyənləşdirəcək

post-img

Son 23 ildə Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası (AK Parti) fevralın 23-də Ankarada keçiriləcək 8-ci Böyük Qurultayına hazırlaşır.

AZƏRTAC xəbər verir ki, ölkənin 81 vilayətindən 1607 nümayəndə Ankara İdman Kompleksinə toplaşacaq və bazar günü keçiriləcək qurultayın nəticələri qardaş ölkədə ən böyük siyasi qüvvənin gələcək fəaliyyətinin Yol Xəritəsini müəyyən edəcək.

AK Partinin Türkiyə seçkilərində ilk qələbəsi 2002-ci il noyabrın 3-də - partiyanın yaranmasından cəmi 15 ay sonra (14 avqust 2001-ci il) elan edilib. Rəcəb Tayyib Ərdoğanın siyasi fəaliyyətinə qadağa qoyulduğuna görə o zaman AK Parti hökumətinə (Türkiyənin 58-ci Nazirlər Kabineti) Abdullah Gül rəhbərlik edirdi və indiki Prezident 2003-cü il martın 8-də Siirt seçki dairəsi üzrə təkrar seçkidə parlamentə deputat seçildi.

Həmin il martın 11-də Abdulla Gül hökuməti buraxıldığını elan etdi və martın 14-də R.T.Ərdoğanın sədrliyi ilə yeni Nazirlər Kabinetinin tərkibi açıqlandı.

AK Parti qalan dövr ərzində Türkiyədə müxtəlif səviyyələrdə keçirilən bütün seçkilərdə ardıcıl olaraq qalib gəlib.

Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi partiyanın son qələbəsi 28-ci Türkiyə Böyük Millət Məclisində AK Partinin bir daha ən böyük fraksiya yaratmaq hüququ qazandığı 2023-cü il ümumxalq səsverməsi olub.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri 

Ankara

Dünya