Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 33 il keçir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndlilər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, erməni işğalçılara qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Həmin hadisələr zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar. Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5-i qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Bu soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub. Ümumilikdə 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənd erməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib.