Vikipedik məlumata əsasən, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə ölkə Elmlər Akademiyasının filialı Azərbaycan EA-ya çevrilib. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, 3 muzeyi, mərkəzi elmi kitabxanası, yerlərdə elmi bazaları var idi. Azərbaycan EA-ya 15 həqiqi üzv seçildi və respublikanın ali elmi idarəsi fəaliyyətini daha da genişləndirdi, intellektual dəyərlər milli sərvətə çevrilməyə başladı.
AMEA-nın vitse-prezidenti Azərbaycanda kimya elminin inkişafında, bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında böyük rolu olan görkəmli alim, Dövlət mükafatı laureatı, , “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, “Şöhrət” ordenli akademik Tofiq Nağıyevlə söhbətimiz 80 yaşlı AMEA-nın keçdiyi şərəf yolu, hazırda görülən işlər barədədir.
– Tofiq müəllim, məlumdur ki, bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 ili tamam olur. Yubiley münasibətlə rəhbərlik etdiyiniz Milli Ensiklopediyanın xüsusi buraxılışı nəzərdə tutulurmu?
– Bəli, Azərbaycanın ən böyük elm məbədi sayılan AMEA-nın 80 illik yubileyi mühüm elmi və mədəni hadisə kimi ölkəmizdə qeyd ediləcək. Əlbəttə ki, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi AMEA-nın nəzdində fəaliyyət göstərən bir qurum kimi bu möhtəşəm yubileyə xüsusi diqqətlə yanaşacaq.
Xatırladım ki, 2008-ci ildə çap olunmuş ensiklopediyanın “Azərbaycan” adlı xüsusi cildində AMEA-nın yaranma tarixi, inkişaf mərhələləri, elmi nailiyyətləri, həmçinin bu sahədə fəaliyyət göstərən görkəmli alimlərin yaradıcılığı əks etdirilmişdir. Həmin nəşrdə “Elm. Texnika. Təhsil” bölməsi çərçivəsində “Təbiət və texnika elmləri” və “Humanitar elmlər və biliklər” mövzuları altında təqdim edilən məqalələrdə ölkəmizdə elmin müxtəlif sahələrinin formalaşması və inkişafı geniş şəkildə işıqlandırılmışdır. Həmçinin AMEA-nın strukturunda yer alan elmi-tədqiqat institutlarının fəaliyyəti və onların töhfələri haqqında dolğun məlumatlar verilmişdir. Düşünürəm ki, həmin materiallardan istifadə etməklə, eyni zamanda, yubileyin əhəmiyyətini əks etdirən önəmli məlumatlar daxil olunmaqla xüsusi yubiley buraxılışını hazırlayacağıq. Güman edirəm ki, bu nəşr, həm AMEA-nın tarixi nailiyyətlərini, həm də onun Azərbaycan elminə və cəmiyyətinə verdiyi töhfələri əks etdirərək yubileyin əhəmiyyətini daha da artıra bilər.
– Ötən ilin oktyabr ayında dövlət başçısı tərəfindən Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin yeni tərkibi təsdiqlənib. Ensiklopediyanın növbəti cildinin çapı nə yerdədir? Yeni cilddə hansı yeniliklər gözlənilir?
– Əvvəla onu bildirim ki, Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyətinin tərkibinə yenidən baxılması ilə əlaqədar uzun müddət idi ki, müzakirələr aparılırdı. Biz əvvəlki tərkibin yenilənməsi üçün zəruri kriteriyalar əsasında yeni təkliflər hazırladıq və dövlət başçısına təqdim etdik. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Redaksiya Heyətinin yeni tərkibi təsdiq edildi. Bu qərar ensiklopediyanın növbəti nəşrlərinin daha peşəkar və zəngin məlumatlar əsasında hazırlanacağına zəmin yaradır.
Növbəti cildlərin nəşrinə gəlincə, Azərbaycan Milli Ensiklopediyasının XI və XII cildləri hazırlansa da, 2020-ci ildə baş vermiş pandemiya səbəbindən fəaliyyətimizdə müəyyən fasilələr yarandı. Lakin o çətin günlərdə belə, biz X cildin vaxtında çapdan çıxmasını təmin etdik, eyni zamanda, növbəti cildlərin hazırlanmasını davam etdirdik. Elə həmin il sentyabrın 27-də Azərbaycan xalqının tarixində iz qoyan mühüm bir hadisə baş verdi – İkinci Qarabağ Müharibəsi başladı. Milli qürurumuzun təntənəsinə çevrilən möhtəşəm Zəfər bizim qarşımızda yeni məsuliyyət, müqəddəs vəzifələr qoydu. Birmənalı olaraq, nəşrə hazır cildlərə yenidən baxılmalı, bu tarixi hadisə ilə bağlı baş verən bütün dəyişikliklər kitablarda əksini tapmalı idi. Odur ki, vaxt itirmədən növbəti nəşrlərin üzərində yenidən işləməyə başladıq və bu istiqamətdə işlər indi də davam edir.
Hazırda milli ensiklopediyanın yenidən işlənmiş növbəti XI cildi çap prosesindədir. Nəticə olaraq qeyd edim ki, yeni cildlərdə Azərbaycanın tarixi Zəfəri ilə bağlı mühüm məqamlar yer alacaq. Ensiklopediyanın məzmunu daha da zənginləşdiriləcək, yeni nəşrlər milli kimliyimizi, qürurumuzu əks etdirəcək.
Əlavə olaraq deyim ki, 2025-ci ildə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası”nın ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ensiklopediya üçün məqalələrin hazırlanması prosesi sürətlə davam edir.
– Bəs ensiklopediya digər dillərə tərcümə olunacaqmı?
– Tərcümə məsələsinə gəlincə, biz 2012-ci ildə ensiklopediyanın rus dilində “Azərbaycan” adlı xüsusi cildinin nəşrinə nail olmuşuq. Lakin məlumdur ki, ensiklopediyanın tərcüməsi yüksək peşəkarlıq və təcrübə tələb edən bir işdir. Xüsusilə, ingilis dilində tərcümə üçün mükəmməl baza olmalıdır. Təbii ki, biz bu istiqamətdə də işlərimizi davam etdiririk.
– Bu gün Azərbaycanda alim və mütəxəssislərin əldə etdikləri nailiyyətlərin praktikada tətbiqi sahəsində müəyyən problemlər var. Bu barədə fikir və təkliflərinizi eşitmək istərdik.
– Bilirsiniz ki, alim və mütəxəssislərin qazandıqları nailiyyətlərin praktikada tətbiqi, yəni elmin kommersiyalaşdırılması, həmin nailiyyətlərin əhəmiyyəti və perspektivləri ilə birbaşa bağlıdır. Elmi nailiyyətlərin praktikada daha geniş tətbiqi üçün lazımi infrastruktur və yetərli resurslar olmalıdır. Düşünürəm ki, bu sahədə olan problemlərin həlli üçün elm və biznes arasında əlaqələrin gücləndirilməsi, investisiya və dəstək mexanizmlərinin təkmilləşdirilməsi, patent və müəllif hüquqlarının qorunması, eyni zamanda, elmi nailiyyətlərin tanıdılması və tətbiqi sahəsində maarifləndirmə işlərinin aparılması son dərəcə vacibdir.
Lakin nəzərə almaq lazımdır ki, elmin kommersiyalaşdırılması təkcə alimlərin deyil, sahibkarların və cəmiyyətin birgə fəaliyyəti ilə mümkün olacaq bir prosesdir. Təklif edilən mexanizmlərin düzgün tətbiqi bu sahədə ciddi irəliləyişlərə yol aça bilər.
– Bəzən kimyanın cəmiyyətin, insanların həyatında rolu kifayət qədər qiymətləndirilmir. Hətta bu elmi dünyada böyük ekoloji problemlərin, bir çox xəstəliklərin mənbəyi hesab edirlər. Lakin, eyni zamanda, bu gün bəşəriyyət kimyadan sağlam ətraf mühit, unikal enerji mənbələri, effektiv dərman preparatları gözləyir. İstərdik ki, bu kimi mülahizələrə münasibət bildirsəniz.
– Bu gün deyə bilmərik ki, kimya elminin cəmiyyətdəki rolu yetərincə qiymətləndirilməyib. Əgər belə olsaydı, dünya miqyasında böyük sənaye şəhərləri, texnologiya mərkəzləri və müasir innovativ qurğular yaranmazdı. Ekologiyaya gəlincə, müasir dövrdə dünya miqyasında “0” tullantı üzrə çox böyük beynəlxalq layihələr həyata keçirilir. Əlavə olaraq qeyd edim ki, Azərbaycanda bu istiqamətdə tədqiqatların əsası təxminən 1970-ci illərdə qoyulmuşdur. Hazırda dünya miqyasında qəbul olunmuş “yaşıl kimya” üzrə tədqiqatlara respublikamızda elə həmin dövrlərdə başlanmışdı.
Məlumdur ki, Azərbaycanda mühüm tarixi əhəmiyyəti olan COP29 tədbiri yüksək səviyyədə keçirildi. Əminliklə deyə bilərik ki, dünyanın əksər ölkələrinin iştirak etdiyi bu mötəbər beynəlxalq toplantı Azərbaycanın ekoloji problemlərinin həlli istiqamətində göstərdiyi səylərin dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini təsdiq edir. Çünki respublikada ekoloji problemlər dövlətin nəzarəti altında olmasaydı, belə bir qlobal tədbirin təşkili mümkün olmazdı.
Nəhayət, qeyd edim ki, 80 yaşlı akademiyamızın həm kimya, həm də digər bütün sahələr üzrə sanballı nailiyyətləri var və alimlərimiz elm naminə fədakarlaqlarını bundan sonra da artırmaq əzmindədirlər.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti
aparatının sektor müdiri