Görkəmli alim, səmimi insan

post-img

2024-cü il dekabrın 18-də tanınmış ziyalı, müasir Azərbaycan riyaziyyat elminin ağsaqqallarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun 85 yaşı tamam olmuşdur. Məmməd Bayramoğlu 1939-cu il dekabrın 18-də Gürcüstanın Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuşdur. Məmməd hələ körpə olarkən atası İkinci dünya müharibəsinə yollanır və ailə başsız qalır. Ağır illər, aclıq, kasıblıq və ucqar kənddə sahibsiz ailə növbəti faciə ilə üzləşir, cəbhədən atası Bayramov Bayramın həlak olması haqda xəbər gəlir, çıxılmaz vəziyyətdə son ümidini də itirən anası Cahan xanım isə bu hadisəyə dözməyib intihar edir. 5-6 yaşlarında yetim qalmış Məmmədi və bacısını müharibə əlili olan əmiləri Əliyar Bayramov himayəsinə götürür. 
Necə deyərlər, Allah bir tərəfdən bağlayanda, digər tərəfdən açar. Bu məhrumiyyətlərin müqabilində balaca Məmməd öz istedadı, zəkası ilə məktəbin əlaçı şagirdi, kəndin seçilən gənclərindən biri olur. 1954-cü ildə Əzizkənddəki  səkkizillik məktəbi bitirdikdən sonra hamı onun təhsilini davam etdirəcəyini, gələcəkdə böyük adam olacağını proqnozlaşdırır. Camaatın ümidini doğrultmaq istəyi Məmmədi bir qədər də mətinləşdirir və yeddi kilometr uzaqlıqda yerləşən qonşu Gorarx (indiki Alget) onbirillik məktəbində orta təhsilini başa vurmaq qərarına gəlir. Əyni-başı nazik, ayağına böyük olan əmisinin köhnə əsgər çəkmələrini geyinərək qışın sərt soyuğunda, qarlı, şaxtalı havalarda göyün üzü açılmamış səhər-səhər  isti yorğan-döşəkdən durub yarıac, yarıtox hər gün 14 kilometr məsafəni piyada qət etmək sadə məsələ deyildi. Ancaq Məmmədin böyük məqsədləri, amalları var idi, ona görə də nə soyuq, nə isti, nə uzaq yolda hərdən qarşısına çıxan vəhşi heyvanlar, kənd qəbiristanlığının yanından ötəndə qulağına gələn vahiməli səslər onu dayandıra bilməzdi. Uzaq kənddən palçıqlı yollarla payi-piyada gəlib-gedən, üstü-başı köhnə, doyunca yemək yeməyən bu arıq, çəlimsiz  oğlan çox keçmədi ki, Gorarx məktəbinin də lideri olur.  Orta məktəbi əla qiymətlərlə bitirərək, 1957-ci ildə  ozamankı  Azərbaycan Pedaqoji İnstitutunun  (indiki ADPU) fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölümünə daxil olur.
Qalmağa evi, oxumağa kitabı, dəftər almağa pulu, qazandığı uğurların fərəhini  bölməyə ata-anası olmasa da,  dəmir iradəsi, böyük arzuları, dəyişməz məqsədi var idi Məmmədin. Tələbəlik illərində heç kəs bilmirdi ki, o, ata-anadan yetimdir, yataqxanada çətinliklə yer tapıb, aldığı cüzi təqaüdlə dolanırdı. Fakültənin ictimai işlərində fəal iştirak edən, Tələbə Elmi Cəmiyyətinin ən çalışqan üzvü olan istedadlı oğlanı heç kəs bu qədər sahibsiz təsəvvür edə bilmirdi, hamı onun gələcəyinə inanır, pıçıltı ilə bir-birinə göstərərək böyük alim olacağını deyirdi. Çünki o,  Riyazi analiz kafedrasının elmi seminarlarında iştirak etməklə bərabər Diferensial tənliklər üzrə “İki dəyişəndən asılı iki tərtibli diferensial tənliyin kanonik şəkildə gətirilməsi”, “Ümumiləşmiş Qrin düsturu”, “Koşi məsələsi və xarakteristika haqqında anlayış”, “İki dəyişəndən asılı iki tərtibli diferensial tənliyin Laplas metodu ilə həlli” və s. mövzularda məzmunlu məruzələr edirdi.
Məmməd Bayramoğlunun elmi işə böyük həvəsi, yüksək amalları onun 1962-ci ildə aspiranturaya daxil olmaq üçün keçirilən müsabiqədə iştirak etmək məqsədilə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoruna ərizə təqdim etməsi ilə nəticələnir. Ancaq hərbi xidmətə çağırılması onun bu arzusunu yarımçıq qoyur. Məmməd hərbi xidmətdə də nümunəvi davranışı, çalışqanlığı, məsuliyyəti ilə fərqlənir, özü ilə apardığı kitabları gecə-gündüz oxuyur, yaxşı xidmətinə görə komandanlıq onun təhsilini davam etdirmək arzusunu nəzərə alır, 1964-cü ildə hərbi xidmətdən iki ay qabaqcadan tərxis edilir, Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul oluna bilir. 
Həmin il  aspiranturada 3 yerə 12 iş verilibmiş. İxtisas fənnindən imtahan götürən institutun ozamankı direktoru, professor Haşım Ağayev bəzi imtahan suallarının  APİ-nin tədris proqramlarında olmadığına baxmayaraq, gənc Məmmədin bu qədər hazırlıqlı cavablarından təəccüblənir. Böyük müsabiqə şəraitində aspiranturaya qəbul olan Məmməd Bayramoğluya Fərəməz Maqsudov elmi rəhbər təyin edilir. O illər Fərəməz müəllim institutun direktor müavini idi və keçmiş Sovetlər Birliyinin elm mərkəzlərindən dəvət olunan tanınmış alimlərlə gənc tədqiqatçıların görüşlərini təşkil edirdi. Bu görüşlər, xüsusilə, aspirantların görkəmli riyaziyyatçılarla ünsiyyətinə, aktual məsələlərlə tanış olmalarına və onları öyrənmələrinə şərait yaradırdı. Belə tədbirlərdə Məmmədin aktivliyi, öyrənmək həvəsi, riyazi istedadı özünü qabarıq göstərirdi.
Məmməd Bayramoğlu belə görüşlərin birində Moskvadan dəvət olunmuş görkəmli riyaziyyatçı alim, Lenin mükafatı laureatı, professor Boris Moiseyeviç Levitanla tanış olur və ona ixtisası üzrə bir neçə sualla müraciət edir. Boris Moiseyeviç bu sualların bir çoxunu cavablandırsa da bəzilərini düşünməli olduğunu bildirir. Ertəsi gün Fərəməz müəllim onun suallarının Levitanın bəyəndiyini və seminarlarda iştirak edə bilmək üçün onun Moskvaya göndərilməsini tövsiyə etdiyini bildirir.
Beləliklə, Məmməd Moskvaya göndərilir və məşhur riyaziyyatçılar Boris Moiseyeviç Levitanın və Anatoli Qordeyeviç Kostyuçenkonun seminarlarında iştirak edir. Məmməd Mirabbas müəllimlə (akademik M.Qasımovla) həmin seminarlar zamanı yaxından tanış olur və sonralar danışırdı ki, M. Qasımov həmin seminarların ən fəal iştirakçılarından biri idi və bəzən məruzəçinin karıxdığı yerləri o izah edirdi. Həmin seminarların və xüsusilə, Mirabbas müəllimlə tanışlığın onun inkişafında xüsusi rol oynadığını da vurğulayır.
1967-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirir və 1967–1969-cu illərdə  Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, baş mühəndis vəzifələrində çalışır. Öz çalışqanlığı və istedadı ilə böyük alimlərin diqqətini cəlb edən Məmməd Bayramoğlu 1969-cu ildə həmin institutda akademiklər Fərəməz Maqsudov və Mirabbas Qasımovun rəhbərliyi ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik  dissertasiyası müdafiə edir.
1987-ci ildə Tiflisdə A.Razmadze adına Riyaziyyat İnstitutunun Dissertasiya Şurasında “Diferensial operator tənliklərin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyasını da uğurla müdafiə edir. 1989-cu ildə professor elmi adına layiq görülür.
Professor Məmməd Bayramoğlu 
1964-cü ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda  aspirantdan şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. 1977-ci ildə yaradılmış “Operator tənlikləri” şöbəsi, 1978-ci ildə struktur dəyişiklikləri nəticəsində “Diferensial operatorların spektral nəzəriyyəsi” şöbəsi, 1991-ci ildə isə “Adi diferensial tənliklər” şöbəsi adlandırılmış  və şöbəyə 1995-ci ilədək professor Məmməd Bayramoğlu rəhbərlik etmişdir. Şöbədə diferensial – operator tənliklərin spektral nəzəriyyəsi, operator əmsallı diferensial tənliklərin öz-özünə qoşma genişlənmələri, requlərizə edilmiş izlərin hesablanması, ağırlıqlı izlərin və məxsusi ədədlərin paylanma funksiyasının asimptotikası üzrə elmi-tədqiqat işləri aparılmışdır.
Professor Məmməd Bayramoğlu Science Citation İndex siyahısından olan jurnallarda dərc edilən 111 elmi işin müəllifidir. O, ölkəmizdə riyaziyyat üzrə 21 elmlər namizədinin elmi rəhbəri, 2 elmlər doktorunun elmi məsləhətçisi olmuşdur. Professor 1994–2009-cu illərdə Türkiyənin İstanbul şəhərində Yıldız Texniki Universitetində professor vəzifəsində işləmişdir. Həmin müddətdə 9 nəfər fəlsəfə doktoru hazırlamış, sonralar onlardan ikisi professor elmi adına layıq görülmüşdür.
Professor Məmməd Bayramoğlu Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Riyaziyyat üzrə Ekspert Şurasının üzvü olmuşdur. Onun elmi fəaliyyəti həm ölkəmizin, həm də dünyanın görkəmli riyaziyyatçıları tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Dünyanın bir sıra görkəmli riyaziyyatçıları ilə sıx elmi əlaqəsi vardır. İndiyə qədər elmi məqalələrinə xeyli sayda istinad olunmuşdur və bunların çoxu dünyanın məşhur riyaziyyatçıları tərəfindəndir. Çoxsaylı beynəlxalq elmi konfranslarda iştirak etmiş və seminarlarda (o cümlədən öz rəhbərliyi ilə keçirilən seminarlarda) məruzə edərək Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. 
Məmməd Bayramoğlu  Azərbaycanda diferensial operatorların spektral nəzəriyyəsini yaratmış akademik Mirabbas Qasımovun layiqli varisi və davamçısıdır. Spektral analizin bir çox istiqamətlərində aldığı elmi nəticələr keçmiş SSRİ-nin görkəmli alimləri, Lenin mükafatı laureatı, professor Boris Moiseyeviç Levitan, akademik Vladimir Aleksandroviç Marçenko, professor Anatoli Qordeyeviç Kostyuçenko, akademik Vladimir Aleksandroviç İlyin, akademik Muxtarbay Otelbayev və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir.
2011-ci ildə M.Bayramoğlu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi ikinci müsabiqədə qrant layihəsinin qalibi olmuşdur. Bu qrant layihəsi onun rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilmişdir və alınan əsas nəticələr həm beynəlxalq kon-
fransların materiallarında, həm də Thomson Reutersin  siyahısına daxil olan jurnallarda dərc edilmişdir.
Professor Məmməd Bayramoğlu  hazırda Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi vəzifəsində işləyir. İnstitutun elmi seminarlarında və Müdafiə Şurasının iclaslarında fəal iştirak edir. O, gənclərə nümunə olan davranışı, yüksək əxlaqi keyfiyyətləri ilə kollektivin dərin hörmətini qazanmışdır. 
Uşaqlıq illərində, gənclik dövründə gördüyü çətinliklər, məhrumiyyətlər onu daha da mətin etmiş, onda bir çox ali mənəvi keyfiyyətlər formalaşdırmış, həmçinin səhhətini də möhkəmləndirmişdir. Azərbaycan riyaziyyatında xüsusi yeri, böyük ürəyə  malik olan qayğıkeş insan,  gözəl şəxsiyyət, istedadlı müəllim və görkəmli alim Məmməd Bayramoğlunu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və arzulayırıq ki, dünyanın bir çox tanınmış alimləri kimi, Məmməd Bayramoğlu  da 100 yaşına qədər bugünkü kimi məhsuldar elmi fəaliyyət göstərsin, elmimizi  öz dərin məzmunlu əsərləri ilə daha da zənginləşdirsin. 

Misir MƏRDANOV, 
AMEA-nın müxbir üzvü,  
ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru 
Hidayət HÜSEYNOV, 
BDU-nun professoru



Elm