Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb

post-img

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusubovanın “Əhməd Nədimin poetikası” adlı monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımovdur.

Monoqrafiyada XVIII əsr klassik türk şairi Əhməd Nədimin yaradıcılığı geniş və sistemli şəkildə araşdırılıb. Kitab Azərbaycan ədəbiyyatşünaslığında Əhməd Nədimin yaradıcılığının tədqiqinə həsr olunmuş ilk irihəcmli əsərdir. 

Xalq şeiri üslubunda yazdığı əsərləri sayəsində türk divan ədəbiyyatına yeni nəfəs gətirmiş Əhməd Nədimin irsinin araşdırılması onun dövründə türk ədəbi mühiti və bu mühitdə formalaşaraq bütün Şərqdə yayılan ədəbi ənənə və cərəyanların meydana gəlməsi kimi məsələlərin tədqiqi üçün zəngin material verir. Əhməd Nədim irsinin tədqiqi eyni zamanda şairin müasiri olan ədiblərə münasibəti, onlarla yaradıcılıq əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Bundan başqa Nədim poeziyasının dilini arşadırmaq, tədqiqata cəlb etmək həmin dövrün tarixi-linqvistik xüsusiyyətlərini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.

Monoqrafiyada Əhməd Nədimi tanıtmaq məqsədi ilə ilk öncə onu yetriən mühit, yaşadığı dövr, şahidi olduğu mühüm hadisələr, həyatının ən ümdə anları, yaradıcılığı haqqında ümumi məlumat verilir. Daha sonra şeilərinin dil və üslub xüsusiyyətləri açıqlanır: poetik əsərlərindəki bədii təsvir və ifadə vasitələri, klassik üslubda yazdığı ədəbi nümunələrin mövzu dairəsi, obrazlar sistemi, yaradıcılığının ana qaynaqları, aparıcı ədəbi motivlər və s. geniş şərh olunur.

Əsər təkcə peşəkar ədəbiyyatşünas və dilçilər üçün deyil, eyni zamanda klassik türkdilli ədəbiyyatın həvəskarları üçün də maraq doğuracaq.

Elm