UNEC tələbəsinin gələcək planları: Almaniyada təhsil alıb, ABŞ-da təcrübə qazandıqdan sonra Azərbaycana qayıdaraq Qarabağda işləyəcək

post-img

Bir çox gəncin arzusu xaricdə təhsil almaq, müxtəlif seminarlara və proqramlara qatılmaq, sonra da elə xaricdə yaşamaqdır. Bu arzuların reallaşması üçün ən effektiv və hamı tərəfindən bilinən yol tələbə mübadilə proqramlarına qoşulmaqdan keçir. Belə proqramların ən məşhuru və tələbələrin ən çox faydalandığı isə “Erasmus”dur. Uşaq yaşlarımdan Almaniyada təhsil almaq istəmişəm, orada təhsil almaq, sonra öz Vətənimdə biliklərimi paylaşmaq ən böyük arzularımdandır. Düşünürəm ki, insanlar üçün ən böyük uğur bir-biriləri arasında kommunikasiyanın effektiv şəkildə həyata keçirilməsidir. Bu il “Erasmus” proqramına qatıldım və Almaniyanın Ziqen Universitetində oxumaq şansı əldə etdim. Seçilmiş iki tələbədən biri olmaq qürurvericidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində akademik Zərifə Əliyeva adına liseyin yetirməsi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, “Erasmus” proqramının iştirakçısı Fərid Əliyev deyib.

İxtisas seçimində valideynləri ilə məsləhətləşdiyini qeyd edən Fərid Əliyev bunun düzgün seçim olduğunu əminliklə bildirib: “Azərbaycanda aparılan bərpa-quruculuq işləri davamlı olaraq həyata keçirilir, hazırda əsrarəngiz Qarabağ bölgəsində bu işlər daha intensiv şəkildə reallaşdırılır, innovasiyaların tətbiqi ilə aparılan işlər sürətlənir. Ölkəmizdə innovativ ideyalara çox böyük dəstək göstərilir. Buna görə düşünürəm ki, seçdiyim beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi ixtisasına çox böyük tələbat var. İşğaldan azad edilmiş ərazilərimizdə rekord müddətdə inşa edilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı logistikanın vacibliyini, məncə, bir daha sübut etdi. UNEC-də bu ixtisas yenidir. Universitetimizdə bu ixtisas üzrə ilk məzunlar olacaq. Ölkəmizdə bu sahədə kadrlar hələ ki, az olduğu üçün həmin peşə sahiblərinə tələbat böyükdür. Bu ixtisası seçdiyim üçün çox razıyam”, - deyə F.Əliyev əlavə edib.

Hazırda UNEC-də II kursda təhsil alan Fərid Əliyevin gələcəyə dair planları çoxdur. O, təhsilini əvvəlcə Almaniyada yekunlaşdırmaq, sonra ABŞ-da biliklərini təcrübədən keçirdikdən sonra Azərbaycana qayıdıb Qarabağda fəaliyyət göstərmək istəyir. Azərbaycan, rus, ingilis və alman dillərində danışan Fərid Əliyevin informasiya texnologiyalarına və süni intellektə də marağı böyükdür: “Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyində təcrübə proqramı keçmişəm. Daha sonra Türkiyədə ixtisasım üzrə seminarda iştirak etdim. Bunun nəticəsi olaraq bir sıra sertifikatlarla təltif olundum. Bunlar mənim üçün çox önəmlidir”, - deyə Fərid Əliyev vurğulayıb.

Artıq süni intellekt üzrə bir neçə kurs keçdiyini qeyd edən Fərid, həmçinin bir sıra təcrübə proqramlarında iştirak edib. Müsahibimiz oxuduğu ali məktəbin əlavə təhsil almaq üçün əlverişli şərait yaratdığı da dedi: “UNEC-də təhsil mühiti yüksək səviyyədə və çox rahatdır. Hər bir tələbənin ixtisasından əlavə təhsil alması üçün bütün imkanlar yaradılır. Bizdə hazırda tədris ingilis dilindədir. Müəllimlərimizin və bizim sərbəst ingilis dilində danışmağımız məncə artıq təhsilimizdə inkişafın bir göstəricisidir”.

 

Elm