ATMU nümayəndələri orta məktəblərdə təqdimatlar keçiriblər

post-img

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində yerləşən orta ümumtəhsil məktəblərində ATMU-nun tanıtım – təqdimatı olub. 

Təbliğat-təşviqat tədbirlərinin təşkilində başlıca hədəf  şəhər məktəbliləri arasında savad və bacarığı ilə fərqlənən məzunları adıkeçən universitetin tələbə kontingenti sıralarında görməkdir. 

ATMU-nun  təbliğat – təşviqat qrupunun üzvləri – karyera və kommunikasiya şöbəsinin mütəxəssisi Lalə Qafarova, operator Əfsanə Hacıyeva, xidmət şöbəsinin müdir müavini Arzu Qafarlı, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aytac Babayeva, keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Firuzə Raşova, qurumun mütəxəssisi Alikper Rizayev, Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Cavid Məmmədov bugünün abituriyentləri, sabahın tələbələri sayılan gənclər üçün   təqdimatlar keçiriblər. Təqdimat – görüşlərdə universitetin fəaliyyətində prioritet istiqamətlərdən sayılan ikili diplom proqramı, xaricdə təhsil, ölkədaxili və xaricdə təcrübə semestrinin təşkili,keçid balları və ixtisaslar, tələbəlik illərində müvafiq sahədə çalışmaq imkanı, qəbul qrupları və s. məsələlərdən bəhs ediblər. 

Ümumilikdə 26 orta ümumtəhsil məktəbində baş tutan təqdimat – görüşlərə  900-ə yaxın abituriyent qatılıb. Tədbir iştirakçılarına  ATMU-nun loqosu əks olunan  çap məhsulları – buklet, kitabça və broşurlar hədiyyə edilib. 

 

Z.HÜSEYNOVA
XQ
 

 





Elm