8 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutununda Ümummilli lLder Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin dil siyasəti ” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli hələ sovet hakimiyyətinin sərt qadağaları dövründə ana dilimizin qorunmasına xüsusi diqqət yetirib. Bildirib ki, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapıb.
Alim vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin milli dil siyasətində dilə, dilin inkişafına hörmət və qayğı sistem halındadır. Ötən əsrin 70-ci illərində dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinin Respublika Dövlət Mükafatı alması məhz ana dilinə qayğı və hörmətlə bağlı idi.
Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, vətəndaşlıq mövqeyi, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Nadir Məmmədli vurğulayıb ki, bu gün Ümummilli Liderin əsasını qoyduğu dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən Nadir Məmmədli ana dilimizin saflığının qorunması istiqamətində silsilə addımların atıldığını, bir sıra sənədlərin imzalandığını diqqətə çatdırıb.
İclasda professor Sayalı Sadıqova “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, professor İsmayıl Məmmədli “Heydər Əliyevin dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, dosent Xədicə Heydərova “Heydər Əliyevin siyasi natiqliyi”, dosent Təranə Şükürlü “Heydər Əliyev və nitq mədəniyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzəçilər Ümummilli Liderin ana dilimizin qorunması istiqamətindəki xidmətlərindən, bu istiqamətdə atdığı addımlardan, müasir dövrdə ana dilimizin mövcud problemlərindən və həll yollarından danışıblar.
Qeyd olunub ki, Ümummilli Liderin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilirdi. O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə daxil olur, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Bu xüsusiyyətlər birlikdə nitqə bir müdriklik, dahiyanəlik verir, onu dinləyəni inandırır, xalqın sevgisini qazandırır.
Sonda bildirilib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi xalqımız üçün həmişə əzizdir və Heydər Əliyev ideyaları əbədidir.