“Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresi keçirilib

post-img

Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə mayın 7-də “Təbabətin aktual problemləri - 2024” beynəlxalq elmi-praktik konqresinin açılış mərasimi keçirilib. Xarici ölkələrdən tanınmış mütəxəssislərin qatıldığı, artıq ənənəyə çevrilmiş konqresin iştirakçıları oncə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə tər çiçəklər düzüblər.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli açılış nitqində xatırladıb ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “30 ildən artıq müddətdə erməni işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunub. Ölkəmizdə qısa müddətdə bir sıra qlobal layihələr həyata keçirilib, beynəlxalq arenada qarşılıqlı əlaqələr möhkəmlənib. Hamıya məlumdur ki, dövlət başçımızın rəhbərliyi ilə ölkəmiz çox vacib tarixi nailiyyətlər əldə edib, bütün dünyada tanınıb. Ötən illər ərzində Azərbaycan beynəlxalq əhəmiyyətli bir sıra tədbirlərə ev sahibliyi edib. Artıq dünya ölkələri Azərbaycanla hesablaşır, onun sülhməramlı siyasətini alqışlayır.

Ona görə də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu, dünya ölkələrinin Azərbaycana verdiyi yüksək etimadın nəticəsidir”.

Rektor qeyd edib ki, BMT-nin təşkil etdiyi bu ekoloji tədbirin əsas məqsədi dünya dövlətlərini, ekoloqlarını bir araya gətirməkdən, onların birgə fəaliyyət göstərmələrinə əlverişli şərait yaratmaqdan ibarətdir. Hazırda ətraf mühit, qlobal istiləşmə, havanın keyfiyyəti hamını narahat edən qlobal problemlərdəndir. Ona görə də hər bir ölkə bu cür qlobal məsələlərə öz töhfəsini verməlidir: “Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük entuziazmla apardığı ardıcıl və məqsədyönlü işlər təqdirəlayiqdir. Ölkəmiz qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verir. Ətraf mühitin qorunmasını, yaşıl enerji növlərinin yaradılmasını, onun dünya bazarına nəqlini prioritet olaraq qəbul edir. Belə ki, Azərbaycan sağlam gələcək, “Yaşıl dünya” naminə daim lazımi tədbirlər həyata keçirir, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir”.

Konqresi açıq elan edən rektor Gəray Gəraybəyli beynəlxalq tədbir çərçivəsində ATU-nun əməkdaşları ilə yanaşı, bir sıra ölkələrdən gəlmiş tanınmış alimlərin də çıxışlar edəcəyini diqqətə çatdırıb. Səhiyyə nazirinin müavini İlqar Qasımov nazir Teymur Musayevin salamlarını toplantı iştirakçılarına çatdırıb və beynəlxalq konqresin işinə uğurlar arzulayıb.

Türkiyənin Yeditepe Universitetinin rekroru, professor Canan Aykut Bingölün videomüraciəti səsləndirildikdən sonra həmin universitetin Süni Mayalanma Mərkəzi, Qadın xəstəlikləri və doğum kafedrasının müdiri, professor Erkut Attar, Harran Universitetinin Ümumi cərrahiyyə və cərrahi onkologiya kafedrasının müdiri, Türk Cərrahi Dərnəyinin həmsədri, professor Ali Uzunköy, Memorial Ankara Xəstəxanasının Orqan transplantasiyası şöbəsinin müdiri, professor Acar Tüzüner, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin baş neyrocərrahı, Neyrocərrahiyyə Mərkəzinin direktoru, professor Qayrat Kariev çıxış edərək, beynəlxalq tədbirin möhtəşəm təşkilinə görə ATU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirib və rektor, professor Gəray Gəraybəyliyə xatirə hədiyyələri təqdim ediblər.

Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə Xalq artisti, Şöhrət ordenli Mənsum İbrahimovun ifasında Qarabağ və türk dünyasının birliyindən bəhs edən mahnılar iştirakçıların alqışları ilə qarşılanıb.

Rəsmi hissənin ardınca tibbin müxtəlif sahələri üzrə plenar sessiyalarla start verilib.

Z.HÜSEYNOVA

XQ

 





Elm