Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

post-img

Mayın 8-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun geniş tərkibdə iclası keçirilib.   

İclasda çıxış edən Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirib ki, turizm sektorunda aparılan mühüm işlərə töhfə verilməsi məqsədilə Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə 2022-ci ilin oktyabr ayında Komissiyanın tərkibində “Turizmin inkişafı” işçi qrupu  yaradılıb. Agentliyin rəhbərlik etdiyi işçi qrupun üzvlərinin ümumi sayı 40-a yaxındır və onlardan 12-si bilavasitə turizm sektorunda aparıcı olan özəl şirkətlərin və otellərin təmsilçiləridir. 

İşçi qrupun mandatı və fəaliyyət sahəsinin Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksinə fokuslandığını və bu indeksə əsasən həm region ölkələri ilə müqayisədə, həm də ümumi orta göstəricilərə nəzərən təhlükəsizlik, səyahət və turizmin prioritetləşdirilməsi, hava nəqliyyatı infrastrukturu, turistlərə xidmət infrastrukturu və təbii resurslar baxımından ölkəmizin kifayət qədər potensialının olduğunu vurğulayan V.Şıxəliyev əlavə edib ki, ölkəmizin turizm potensialının beynəlxalq indekslər və bençmarklarla müqayisəli təhlilinin aparılması və bu sahədə təşəbbüslərin həyata keçirilməsi olduqca müsbət nəticələr verir. 

Katibliyin rəhbəri qeyd edib ki, “Turizmin inkişafı” işçi qrupunun tərkibində turizm üzrə aparıcı özəl sektor təmsilçilərinin iştirakı və aidiyyəti dövlət qurumları ilə birlikdə eyni platforma əsasında məqsədyönlü və koordinasiyalı tədbirlərin həyata keçirilməsi vahid sinerjinin yaradılması ilə inklüzivliyi daha da artırır. Məhz çevik institusional çərçivə əsasında konstruktiv əməkdaşlığın nəticəsidir ki, işçi qrupun Fəaliyyət Planı 14 əsas blok üzrə 75 tədbirin icrasını əhatə etmişdir.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri, Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun  rəhbəri Kənan Qasımov çıxış edərək bildirib ki, işçi qrupun təşkilati aktivliyi fonunda ötən dövrdəki fəaliyyətinə diqqət yetirsək, xeyli sayda geniş iclasların və tematik görüşlərin keçirildiyini müşahidə edə bilərik. O qeyd edib ki, Fəaliyyət Planının uğurla icrası bu sahəyə dair müsbət və davamlı layihələrin həyata keçirilməsinə geniş imkanlar yaradır.

Tədbirdə turizm sektoruna dair aktual mövzular, o cümlədən Səyahət və Turizmin İnkişafı İndeksinin avtomobil icarəsi üzrə böyük şirkətlərin mövcudluğu, qısamüddətli kirayələrin sayı, rəqabətli turizm xidmətləri və digər alt-indekslərinə dair müzakirələr və fikir mübadiləsi aparılıb, bu sahədə əldə olunan nailiyyətlər, müasir çağırışlar, eləcə də işçi qrupun növbəti dövr üzrə inkişaf prioritetləri və digər təşkilati məsələlər geniş müzakirə olunub.









Sosial həyat