Azərbaycanlılar Əfqanıstanda böyük siyasi-iqtisadi potensiala malikdirlər

post-img

Mübariz Ağalarlı: “Bu torpaqlarda barışın və təhlükəsizliyin yaranmasında qarant rolunda çıxış etməliyik”

Azərbaycanlıların yaşadığı xarici dövlətlərdən biri də Əfqanıstandır. Rəsmi statistikaya görə, Əfqanıstan ərazisində azərbaycanlıların sayı 400 min, qeyri-rəsmi statistikaya görə isə, 2 milyon nəfərə çatır. Onlar digər ölkələrdəki soydaşlarımız kimi, Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan çox böyük potensiala malikdir. Həmişə Azərbaycan dövləti tərəfindən dəstək görüblər. Bəs azərbaycanlılar Əfqanıstanda nə vaxtdan yerləşib? Bu suala cavab almaq üçün AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı ilə görüşdük:

–  Məlumdur ki, Əfqanıstan öz geosiyasi və strateji əhəmiyyətinə görə həmişə böyük dövlətlərin siyasi maraq dairəsində olmuş, bu səbəbdən bölgə hərbi-siyasi və daxili münaqişələr meydanına çevrilmişdir. Hazırda Əfqanıstanın geosiyasi və demoqrafik vəziyyətini necə dəyərləndirirsiniz? 

– Geosiyasi, strateji və iqtisadi əhəmiyyətinə görə Cənub-Şərqi Asiyanın olduqca əhəmiyyətli bölgələrindən biri olan Əfqanıstan həmişə böyük dövlətlərin siyasi maraq dairəsində olmuş, bu səbəbdən bölgə hərbi-siyasi və daxili münaqişələr meydanına çevrilmişdir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəd olan Əfqanıstanın ərazisi 652.860 kvadratkilometrə bərabərdir. Əfqanıstan çoxmillətli ölkədir. Burada heç bir etnik qrup əhalinin əksəriyyətini və ya çoxluğunu təşkil etmir, 60-dan çox etnik qrup və xalq yaşayır. Rəsmi məlumatlara istinadən 35 milyon, qeyri-rəsmi məlumatlarda isə 40 milyona yaxın əhalisi olan ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib beş böyük etnik qrup var (puştunlar – 12 miliyon, taciklər – 9 milyon, özbəklər – 8 milyon, həzaralar – 6 milyon, türkmənlər – 2 milyon və digər xalqlar - 3 milyon). Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri gerçəkliyi tam əks etdirən siyahıyaalma aparılmadığından əhalinin etnik tərkibi və sayı haqqında da dəqiq məlumatlar yoxdur. Bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır. Avropanın “müstəqil sosial təşkilatları” Əfqanıstanda türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar. Qərb mənbələrinin verdiyi dəqiq olmayan təxmini statistik məlumatlara görə, Əfqanıstanda türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12 faizini təşkil edirlər (özbəklər 9 faiz, türkmənlər – 3 faiz). Ancaq Əfqanıstandakı türk mənşəli etnik qrupların icma rəhbərlərinin məlumatlarına əsasən, bütün türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35-40 faizlik paya sahibdirlər (özbəklər – 19 faiz; türkmənlər - 10 faiz; azərbaycan kökənli əhali (qızılbaşlar, mərvilər, bayatlar, timurlular, cəmşidilər, səlcuqlar, əfşarlar, qacarlar) – 5 faiz; qırğızlar, tatarlar, qaraqalpaqlar, qazaxlar və digərləri – 3 faiz). 

– Hazırda Əfqanıstanın idarəçilik sistemi və dini strukturu hansı formadadır? 

– Əfqanıstan dövlətinin rəsmi adı Əfqanıstan İslam Əmirliyidir (İmarət-i İslami-i Əfqanıstan). Hakimiyyətdə “Taliban” siyasi birliyidir. İdarəetmə forması    unitar müvəqqəti teokratik islam əmirliydir. Ali rəhbər Heybətulla Axundzadə Əfqanıstanın siyasi və dini lideri, Əfqanıstan İslam Əmirliyinin rəhbəridir. Hökumətin başında isə Baş Nazir Məhəmməd Həsən Axund dayanır. İslam dövləti olan Əfqanıstan əhalisinin dini inanc sistemi əsasən sünni və şiə məzhəbi üzərində qurulmuşdur. Bu ölkədə hazırda bürokratik aparatda söz sahibi olan puştunlar və taciklər, həmçinin özbəklər, türkmənlər, bəluclar sünni məzhəbli, həzarilər və azərbaycan kökənli - əfşar,      qacar, qızılbaş, timuri, cəlili, səlcuqlu və mərvilər isə şiə məzhəblidirlər. 

– Mübariz müəllim, siz 2021-ci ilin aprel ayında Əfqanıstanın Herat şəhərində görkəmli özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinə həsr olunmuş beynəlxalq konqresdə iştirak etmişdiniz. Hansı təssüratlarlarla qayıtdınız?

– 2021-ci ilin aprel ayının əvvəllərində böyük özbək şairi və ictimai-siyasi xadim Əmir Əlişir Nəvainin 580 illik yubileyinin Əfqanıstan İslam Respublikasının Herat şəhərində təntənəli şəkildə qeyd edilməsi Azərbaycan alimlərinin də yubiley tədbirlərinə qatılmasına və qədim sivilizasiya mərkəzi olan Herat şəhəri ilə tanış olmağa imkan yaratdı. 7-9 aprel 2021-ci ildə Herat şəhərində təşkil olunmuş yubiley tədbirlərində Azərbaycanı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi və mən təmsil edirdik. Etiraf edək ki, istər Azərbaycanda, istərsə də dünya ölkələrində Əfqanıstan haqqında yaranan imic heç də müsbət və ürəkaçan deyil. Qədim mədəniyyətə malik, min illər boyu türk-müsəlman mənəvi mühitinin tərkib hissəsi olan Əfqanıstan uzun illərdir ki, terrorizm yuvası və sivilizasiyadan kənar bir cəmiyyət kimi təqdim olunur. Lakin ilk növbədə, gözəl təbii-coğrafi şəraiti və mülayim iqlimi olan bu bölgə öz füsunkar təbiəti, məhsuldarlığı ilə seçilən münbit torpaqları ilə diqqəti cəlb edir. Hətta yunan tarixçisi Herodot Heratın Mərkəzi Asiyanın buğda anbarı olduğunu yazmışdır. Böyük karvan yollarının üzərində yerləşən, tarixlər boyu Şərqlə Qərb arasında ticarətdə böyük rol oynayan Herat şəhəri öz strateji əhəmiyyətini bu gün də saxlamaqdadır. Sufilər diyarı sayılan, böyük mədəniyyət mərkəzi olan Herat şəhərində hər addımda türk mədəniyyətinin izləri, orta əsrlər Azərbaycan memarlığının, qızılbaş-türkman gələnəklərinin nişanələri diqqət çəkir. Heratın yüksəliş dövrü Teymuri hökmdarı Şahruxun və Hüseyn Bayqaranın hakimiyyəti illərinə təsadüf edir. Şahrux qısa bir zamanda Heratı böyük, parlaq, dəbdəbəli və mədəni bir şəhərə çevirmişdi. Teymuri hökmdarları Heratda məscid, mədrəsə və karvansaraylar tikdirmiş, xiyabanlar, o cümlədən, “Nəvai bağı” saldırmışdı.

Xüsusilə qeyd edək ki, şəhərin tikinti və abadlıq işlərində məşhur Azərbaycan memarı Hacı Əli Hafiz Təbrizi iştirak etmişdi. Azərbaycan rəssamlarından Pir Seyid Əhməd, Xacə Əli Müsəvir, Qəvaməddin Qiyasəddin və başqaları Herat rəssamlıq məktəbinin inkişafında mühüm xidmət göstəriblər. 

Səfəvilər sülaləsinin hakimiyyəti dövründə də Heratda çoxsaylı tarixi abidələr inşa edilmişdir. Herat şəhəri, həmçinin, böyük sufilər yurdu, türk təsəvvüf düşüncəsinin beşiyi sayılan Xorasan irfan məktəbinin mərkəzlərindən biridir. Türküstanda Əhməd Yəsəvi ilə başlayan türk sufiliyi Azərbaycanda dahi Şeyx Nizami Gəncəvi, Şeyx Səfiəddin Ərdəbili, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Anadoluda Mövlanə Cəlaləddin Rumi, Balım Sultan, Yunus Əmrə, Heratda Xacə Abdulla Ənsari, Əlişir Nəvai kimi dahi şəxsiyyətlər tərəfindən inkişaf etdirilərək bütün türk-müəslman dünyasına öz işığını yaymışdır. 

Herat səfərinin ən təsirli və yaddaqalan tərəflərindən biri də bu məkanın zəngin tarixi memarlıq abidələri ilə tanışlıq idi. Antik dövr və türk-müsəlman memarlıq sənəti üslubunda inşa edilən memarlıq abidələri şəhərin mədəni zənginliyindən xəbər verir. Şəhərin ən qədim memarlıq komplekslərindən biri İsgəndər qalasıdır. İsgəndər qalası Makedoniyalı İsgəndər tərəfindən e.ə. 330-cu ildə Herat şəhəri ələ keçirilərkən inşa edilib. Əlişir Nəvainin əsərlərində verdiyi məlumatlarda, həmçinin, tarixi rəvayətlərdə qeyd olunur ki, İsgəndər Herat şəhərinə gələndə şəhərdən axan çaylardan birinin suyunu içir və suyun ətrinə və şirinliyinə görə “Mən dirilik suyunu Heratda tapdım”,  - deyir. Məhz bundan sonra burada qala tikməyə göstəriş verir. İsgəndər qalasının astronomik özəlliklərindən biri də qala içərisinin qalaktika ilə səma boşluğu halında olmasıdır. Qalanın ətrafında səma cisimləri sayrışsa da, qalanın içərisində bu cismlərdən heç birinə rast gəlmək mümkün deyil. 

Ziyarət etdiyimiz yerlər içərisində XV əsrə aid Əmir Əlişir Nəvainin türbəsi və Teymuri sultanı Hüseyn Bayqaranın anası Gövhərşad Bəyimin və övladlarının dəfn olunduğu türbə olduqca mənəvi və ruhi təsir bağışlayırdı. Bir sözlə, Əmir Əlişir Nəvainin dediyi kimi, “Herat cənnətin görünən üzüdür”. Eyni zamanda, Herat şəhərində Xacə Abdulla Ənsari türbəsi (XI əsr), Musalla Kompleksi (XV əsr), Mirveys Sadıq türbəsi (XVIII əsr) və onlarla digər məscidlər, türbələr, digər tarixi memarlıq abidələri vardır. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu abidələrin böyük əksəriyyəti, “yadellilərin” Əfqanıstan uğrunda son 40 illik müharibəsi dövründə dağıdılmış və talan edilmişdir. Amma son bir neçə ildə dağıdılan memarlıq abidələri yenidən bərpa edilərək öz əvvəlki əzəmətinə qaytarılmışdır. 

Əfqanıstan və Herat haqqında təəssüratlarımızı bir yazıya sığışdırmaq mümkünsüzdür. Lakin ümumi qənaət budur ki, dünyada təqdim və təsəvvür olunan Əfqanıstanla gerçək Əfqanıstan tamamilə başqadır. Ölkənin aparıcı şəhərləri olan Kabil və Heratda olarkən qarşımızda gerçək Əfqanıstanı - mədəni səviyyəsini, elm və təhsilini qoruyan, adət-ənənələrinə hörmət edən, 40 ildir yadellilərə qarşı mübarizə aparan, iqtisadi durumunu ayaqda saxlamağı bacaran mütəşəkkil bir toplum gördük. Zəngin təbii sərvətləri olan, geniş turizm imkanlarına malik, Böyük İpək Yolu vasitəsilə Şərqlə Qərbi birləşdirən bu diyarı siyasi və iqtisadi inkişafdan saxlamaq və təbii sərvətlərini talamaq üçün bu ölkəyə terrorizm yuvası və “cahil məmləkət” damğası vurmaq  gerçəklikdən çox siyasi və strateji xarakter daşımaqdadır.

(Davamı var)

Pünhan ƏFƏNDİYEV

XQ



Elm