Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasının direktoru Xumar Məmmədova arasında onlayn görüş baş tutub.
Görüşün əsas məqsədi AMEA ilə NDU arasında imzalanmış elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumunda kitabxanalarla bağlı yer alan bəndlərin ilkin müzakirəsi olub.
Hüseyn Hüseynov qeyd edib ki, Memorandumun kitabxana üzrə əsas müddəalarından biri MEK-in elektron resurslarının NDU-nun professor-müəllim heyəti və tələbələri üçün əlçatanlığının təmin olunmasıdır. O, bu istiqamətdə görüləcək texniki və inzibati tədbirlər barədə ətraflı məlumat verərək qarşılıqlı faydalı əməkdaşlığın elmi informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
Xumar Məmmədova da öz növbəsində MEK-in elektron resurslarının NDU üçün əlçatan olmasının təhsil və elmi tədqiqat işlərinə böyük töhfə verəcəyini bildirib.
Tərəflər, həmçinin qarşılıqlı əlaqələrin davamlı və səmərəli şəkildə qurulması baxımından birgə tədbirlərin keçirilməsinin önəmli olduğunu bildiriblər.
Sonda əməkdaşlıq çərçivəsində konkret fəaliyyət planının hazırlanması barədə razılıq əldə olunub.