İyunun 23-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib.
Görüşdə çıxış edən Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin nüfuzlu beynəlxalq platformalarda, eləcə də parlamentlərarası səviyyədə uğurla inkişaf etdiyini vurğulayıb.
O, həmçinin, yaşıl enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq, bərpaolunan enerji sahəsində ölkəmizdə görülən işlərdən danışıb, Azərbaycanın “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlığımızın əhəmiyyətini vurğulayıb.
Onlayn görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Səudiyyə Ərəbistanı Şura Məclisinin Səudiyyə Ərəbistanı- Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ali Alşahrani çıxış edərək, dövlətlərimiz arasındakı münasibətlərin əhəmiyyətindən və gələcək inkişaf perspektivlərindən bəhs ediblər.
Görüşdə parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, birgə layihələrin təşviqi və qarşılıqlı səfərlərin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, deputatlar Ceyhun Məmmədov, Əminə Ağazadə, Səbinə Salmanova, Səudiyyə Ərəbistanı Şura Məclisinin üzvləri iştirak ediblər.