Türk dünyası arasında mədəni körpülər möhkəmlənir

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Hamdi Turşuçu və bu ölkənin Özbəkistandakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin koordinatoru Ahmet Özkan, Qazaxıstanın Özbəkistandakı səfirinin müşaviri Serjan Sersenbayev və birinci katib Oksana Musyurina,  Qazax Milli Mədəniyyət Mərkəzinin sədri, deputat Serikbay Usenov, Türkmən Milli Mədəniyyət Mərkəzinin sədri, deputat Güldanə Avezdurdiyeva ilə görüşlər keçirib.

Görüşlərin əsas məqsədi türkdilli xalqlar arasında mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ortaq mədəni dəyərlərin təbliği, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin dərinləşdirilməsi, eyni zamanda gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində real təşəbbüslərin müzakirəsi olub.

Görüş zamanı Azərbaycanla Özbəkistan, Qazaxıstan, Türkmənistan, Türkiyə, eləcə də bütün Türk dünyası arasında mədəni körpülərin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün strateji əməkdaşlıq mexanizmlərinin yaradılması, ortaq irsimizin təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyi qeyd olunub.

Bundan başqa birgə mədəniyyət günlərinin, qardaş xalqların mədəniyyətinin qarşılıqlı şəkildə tanıdılması məqsədilə “Azərbaycan-Qazaxıstan dostluğu”, “Azərbaycan-Türkmənistan mədəniyyət körpüsü”, “Azərbaycandan Türk dünyasına”, “Türk dünyası və Azərbaycan” və s. mövzularda müxtəlif tədbirlərin keçirilməsi, ortaq mədəni irsin təbliği, milli bayram və əlamətdar günlərin birgə qeyd olunması, Novruz bayramının, həmçinin dövlət bayramlarının, tarixi şəxsiyyətlərin, yazıçı və şairlərin yubileyləri ilə bağlı ortaq tədbirlərin təşkili, müxtəlif sərgiləriin (rəssamlıq, foto, əl işləri) və konsert proqramlarının, musiqi, rəqs və poeziya gecələrinin təşkil olunması məsələləri müzakirə edilib.

Görüşlərdə milli mətbəx günlərinin, adət- ənənələrlə  bağlı tədbirlərin, festivalların, təhsil və mədəniyyət üzrə təlim-tədris proqramlarının, gənclər üçün ortaq təlimlərin, seminarların, mədəni düşərgələr və mübadilə proqramlarının təşkili, birgə nəşrlər və media layihələrin, türkdilli xalqların mədəni irsini əks etdirən kitabların, məqalələrin, sənədli filmlərin hazırlanması və yayımı, əməkdaşlıq platformasının , diaspor təşkilatları və mədəniyyət mərkəzləri arasında əlaqələrin davamlılığını təmin etmək üçün ortaq əlaqələndirmə qrupu və ya mədəni əməkdaşlıq şurasının yaradılması təşəbbüsü və s. təkliflər irəli sürülüb, bunlarla bağlı müvafiq razılaşmalar əldə edilib.

Görüş iştirakçıları Türk dövlətləri arasında ortaq dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin, bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən irəli sürülən təşəbbüslər yüksək dəyərləndirilib, tərəflər bu təkliflərin reallaşdırılması istiqamətində birgə fəaliyyət göstərməyə hazır olduqlarını ifadə ediblər.

Qazaxıstan səfirliyinin nümayəndəsi, eləcə də qazax və türkmən diaspor təşkilatlarının rəhbərləri Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən göstərilən təşəbbüsləri yüksək qiymətləndirib, əməkdaşlığın regionda mədəni müxtəlifliyin qorunması, xalqlar arasında qarşılıqlı hörmət və anlaşmanın inkişafı üçün mühüm addım olduğunu bildiriblər. Deyilib ki, tərəflər arasında əldə olunan razılaşmalar gələcəkdə türkdilli xalqlar arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Görüşlərin sonunda iştirakçılar əməkdaşlığın davamlı olması, mütəmadi şəkildə qarşılıqlı görüşlərin təşkili və reallaşdırılacaq layihələrin planlaşdırılması barədə ortaq mövqe bildiriblər.

 

Qulu Kəngərli

Daşkənd









Mədəniyyət