Avropa İttifaqının Brüsseldə keçirilən növbəti toplantısında Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiya paketinin qəbuluna Macarıstan və Slovakiya tərəfindən veto qoyulub. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto (Péter Szijjártó) keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, Slovakiya ilə birlikdə sanksiya paketinin qəbul edilməsinə qarşı çıxış ediblər. Onların bu mövqeyi Brüsselin Rusiyadan enerji idxalının tədricən dayandırılmasına yönəlmiş planlarına etirazla izah olunur.
“Bu gün Slovakiya və mən 18-ci sanksiya paketinin qəbuluna mane olduq”, – deyə Siyarto vurğulayıb. – “Çünki bu paket qəbul edilsəydi, Macarıstan və Slovakiya da daxil olmaqla bir sıra Aİ ölkələrinə Rusiya təbii qazı və ucuz Rusiya xam nefti almaq qadağan olunacaqdı”.
(TASS agentliyi sitat gətirir).
Hazırda Brüsseldə Aİ ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə yeni sanksiyalar paketinə dair müzakirələr davam edir. Avropa Komissiyasının təklifi əsasında formalaşdırılmış bu 18-ci paketə aşağıdakı tədbirlər daxil edilib:
- Rusiyanın “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinə qarşı əlavə məhdudiyyətlərin tətbiqi;
- Rusiya neftinin qiymət tavanının 60 dollardan 45 dollara endirilməsi;
- Rusiyanın “kölgə donanması” adlandırılan tanker flotunun daha 77 gəmisinə qarşı sanksiyaların tətbiqi.
Qeyd edək ki, Avropa İttifaqı 2024-cü ilin mayında Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləmişdi. Həmin siyahıya 189 gəmi, 75 fiziki və hüquqi şəxs daxil edilib. Sanksiyaya məruz qalanlar arasında "Surqutnefteqaz", "Rostec" dövlət korporasiyasının törəməsi olan "Stan" dəzgahları holdinqi, "VSK" sığorta şirkəti, "Atlas Mining" qızıl hasilatı şirkəti, Baş Radiotezlik Mərkəzi və “KAMAZ” şirkətinin rəhbəri Sergey Koqogin də yer alır.
S.ELAY
XQ