“Türk sivilizasiyasının dirçəlişi” mövzusunda beynəlxalq elmi konfrans

post-img

Martın 18-də AMEA-nın Tarix və Etnologiya İnstitutunun təşkilatçılığı ilə “Türk sivilizasiyasının dirçəlişi” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Əvvəlcə institutun foyesində türk dünyasının qədim tarixini, mədəniyyətini və milli dəyərlərini əks etdirən sərgiyə baxış keçirilib.

AMEA prezidenti akademik İsa Həbibbəyli iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Novruzun Azərbaycan xalqının milli birlik bayramı olduğunu söyləyən akademik Mərkəzi Asiya ölkələrində və Türkiyədə rəsmi şəkildə qeyd olunan bu bayramı Türk dünyasının inteqrasiyasında mühüm faktorlardan biri kimi səciyyələndirib. Bildirib ki, Novruz bayramı adət-ənənələrimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin unudulmamasına, nəsildən-nəslə ötürülməsinə, milli birliyə, dostluğa, həmrəyliyə xidmət edir.

“Artıq dördüncü ildir ki, Azərbaycan xalqı Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır”, - deyə bildirən AMEA rəhbəri bu il bu bayramın müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq işğaldan azad edilmiş Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və bütün digər ərazilərimizdə qeyd edildiyini vurğulayıb.

İsa Həbibbəyli bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabr tarixli antiterror tədbirləri nəticəsində qazandığımız zəfərlər sayəsində indi ölkəmizin hər yerində Novruz bayramının təntənəsi, əhval-ruhiyyəsi yaşanmaqdadır. Bu il Novruz tonqalının işğaldan azad edilmiş torpaqlarımızda alovlandığını söyləyən alim qeyd edib ki, bu, Prezident İlham Əliyevin bütövlükdə Türk dünyası qarşısındakı ən böyük tarixi xidmətidir.

O, dövlət başçısının fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı Türk dünyasının əhəmiyyətini xüsusi vurğuladığını deyib və Prezident İlham Əliyevin “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”, - fikirlərini xatırladıb.

AMEA rəhbəri Novruzun, əslində, Türk soylarının qardaşlığından xəbər verdiyini söyləyib.

Konfrans öz işini Dünya Türkologiya Mərkəzinin sədri, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Güllü Yoloğlunun moderatorluğu ilə davam etdirib. “İraq türkmanlarının dili və tarixi haqqında”, “Kərkük türkmanlarının ibtidai inancları”, “Azərbaycan ərazisində Türk damğalarının mövcudluğu və yerləşdiyi areal”, “Qədim türk yeməklərinin innovasiyası”, “Qaraçay türklərinin adətləri”, “Qaqauz türklərində “Qurd” simvolu” və digər mövzularda məruzələr dinlənilib.

Beynəlxalq konfrans öz işini 19 mart tarixinədək davam etdirəcək.

Anar ƏLİ

XQ

 



Elm