Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun nümayəndələri AMEA-da

post-img

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor İrma Radiani, həmin institutun direktor müavini, filologiya elmləri doktoru, professor Maqa Elbaqidze və filologiya elmləri doktoru, professor İrine Modebadze ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Sonra qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar.

Daha sonra gürcü alimlər AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub, müəssisənin kollektivi ilə görüşüblər.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli qarşılıqlı görülən işlərin tarixinə nəzər salaraq çap olunan kitabların əhəmiyyətindən danışıb. İnstitutun Şota Rustaveli adına İnstitutla birlikdə 2017-2020-ci illərdə hazırladıqları “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində kitab halında nəşr edilməsini xüsusilə vurğulayıb. O, Ədəbiyyat İnstitutunun strukturu və şöbələri haqqında məlumat verərək, müəssisəyə aid nəşrləri qonaqlara hədiyyə edib.

Gürcü Ədəbiyyatı İnstitutunun direktoru İrma Radiani də öz növbəsində müəssisə ilə tanışlıqdan məmnun qaldıqlarını bildirib. Qarşılıqlı əlaqələrin əhəmiyyətini qeyd edərək görülən işlərin gələcək əməkdaşlığa təkan verəcəyini əlavə edib. Həmçinin, rəhbərlik etdiyi müəssisənin nəşrləri haqqında məlumat verərək həmin kitabları AMEA-nın Ədəbiyyat İnstitutuna hədiyyə edib.

Anar Əli
XQ

Elm