ADA Universitetinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi davam edir.
Universitetdən bildirilib ki, layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.
Layihə çərçivəsində Gəncə şəhərində yerləşən Kəlbəcər şəhərciyindəki 11 nömrəli tam orta məktəbdə keçmiş məcburi köçkün ailələrinin iştirakı ilə “fokus-qrup” müzakirə keçirilib. Müzakirədə iştirak edən 21 məcburi köçkün qayıdışla bağlı fikirlərini və gözləntilərini bölüşüblər.
Regionlarda keçirilən “fokus-qrup” müzakirə Ağdamda davam etdirilib. Budəfəki müzakirə Quzanlı qəsəbəsində 24 ağdamlı məcburi köçkün ailənin iştirakı ilə təşkil edilib. Respondentlər qayıdışdan öncə və qayıdışdan sonrakı planları və istəkləri ilə bağlı mövqelərini ifadə ediblər.
Beləliklə də planlanan 13 “fokus-qrup” müzakirədən artıq 10-u tamamlanıb.