“Çağdaş bütöv Azərbaycan” antologiyası təqdim olundu

post-img

Bu günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Türk dünyası İnfo” İctimai Birliyinin təşkilatçılığı ilə yeni bir poeziya toplusu işıq üzü görüb. Sentyabrın 27-də Azərbaycanda Atatürk Mərkəzində “Çağdaş bütöv Azərbaycan" adlı antologiyanın geniş təqdimat mərasimi keçirildi. 

Tədbirdə çıxış edənlər bildirdilər ki, antologiyanın hazırlanmasında şair-publisist, “Türk Dünyası info” İctimai Birliyinin sədri Dəyanət Osmanlının böyük zəhməti olub. 

Şair, Bakı Dövlət Universitetinin müəllimi Knyaz Aslan çıxışında bildirdi ki, topluda əsasən Cənubi Azərbaycan şairlərinin şeirlərinə geniş yer verilib. Burada cənublu soydaşlarımızın öz duyğu və düşüncələrinin, eləcə də bütöv Vətən həsrətlərinin geniş ifadə olunduğunu görürük. Onun sözlərinə görə, kitabda Şimali Azərbaycan, eləcə də Türk dünyasını təmsil edən şairlərin də bütöv Azərbaycan mövzulu şeirləri yer alıb.

Çıxış edən müəlliflər mövzu ilə bağlı fikirlərini bildirdi, şeirlərini oxudular. 

Şair Dəyanət Osmanlı “Çağdaş bütöv Azərbaycan” antologiyasının rəhbərlik etdiyi QHT tərəfindən hazırlanmış ikinci toplu olduğunu bildirdi. Qeyd etdi ki, kitabda ümumilikdə 45 şairinin əsərləri toplanıb. 

Paşa ƏMİRCANOV   

XQ

 

 

Elm