“Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda konfrans

post-img

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda elmi konfrans keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü ilə çıxış edib. “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, - deyən akademik Ulu Öndərin tariximizdəki mühüm rolundan söz açıb, onun ərazi bütövlüyümüzün qorunması istiqamətində yürütdüyü məqsədyönlü siyasətdən danışıb. Qeyd edib ki, ömrünü xalqının gələcəyinə, Azərbaycanın müstəqilliyinə həsr edən görkəmli lider ərazi bütövlüyü məsələsini daim diqqətdə saxlamış, əzm və qətiyyətlə mübarizə aparmışdır.

Sonra konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Heydər Əliyevin hakimiyyətinin birinci dövründə (1969-1982-ci illər) Azərbaycanın sosial-iqtisadi inkişafı”, elmi işçi Nilufər Ağayeva “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında Heydər Əliyevin rolu”, institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Müstəqillik illərində Heydər Əliyevin xarici siyasəti və ölkəmizin ərazi bütövlüyü” və tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Heydər Əliyevin regional təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda fəaliyyəti” mövzusunda məruzə ediblər.

Məruzələrdə XIX əsrdə tarixi ərazilərimizin Rusiya və İran arasında bölüşdürülməsindən, xüsusilə ötən əsrin 20-ci illərində əzəli Azərbaycan torpaqlarında yaradılan Ararat Respublikası və sonrakı dövrdə xalqın iradəsinə zidd olaraq ermənilərə pay verilən torpaqlarımız barədə məlumat verilib.

Qeyd olunub ki, uzaqgörən lider Heydər Əliyev məsul vəzifələrdə çalışarkən, eləcə də ölkəmizə rəhbərliyinin hər iki dövründə ərazi bütövlüyü məsələsinə xüsusi həssaslıqla yanaşmış, bu məsələni daim diqqətdə saxlamış, hələ sovet hakimiyyəti dönəmində ermənilərin əsassız ərazi iddialarının qarşısını qətiyyətlə almışdır.

Ulu Öndərin ölkəyə rəhbərliyinin birinci dövründə sosial-iqtisadi sahədə qeydə alınan inkişafın əvvəlki dövrlə müqayisəli təhlil edildiyi məruzələrdə diqqətə çatdırılıb ki, bu uğurlu fəaliyyət Ümummilli Liderin Azərbaycana rəhbərliyinin müstəqillik dövründə də davam etmişdir.

Məruzələrdə, həmçinin ümummilli liderin ordu quruculuğu sahəsində apardığı islahatlardan, yüksək peşakarlığa malik hərbçilərin hazırlanması məqsədilə gördüyü işlərdən və həmin tədbirlərin bugünkü nəticələrindən bəhs olunub. Ulu öndərin Lissabon və Budapeşt sammitlərində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər də diqqətə çatdırılıb.

Vurğulanıb ki, Heydər Əliyevin qətiyyətli mövqeyi ərazi bütövlüyümüzün qorunması və bərpası ilə bağlı dünya liderləri ilə danışıqlarında, tribunalarda etdiyi çıxışlarında, müxtəlif beynəlxalq təşkilatların gündəliyində əksini tapmışdır. Məhz Heydər Əliyevin dünyaya çatdırdığı Azərbaycan reallıqları, tarixi həqiqətlər bu gün öz bəhrəsini vermişdir. Ulu Öndər Heydər Əliyev onilliklərin işini qısa zaman diliminə sığdırmağı bacarmış, beynəlxalq əlaqələri genişləndirməklə xarici investorları ölkəyə cəlb etmiş, Azərbaycanın gələcək inkişafının qarantı olmuşdur.

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm