“Zəfər Kuboku” intellektual yarışının seçim turu keçirilib

post-img

Region gəncləri arasında təşkil edilən “Qalib Gəncliyimizin III Zəfər Kuboku” layihəsinin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, vətənpərvərlik hisslərinin intellekt yolu ilə təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkililə onları pis vərdişlərdən kənar tutmaqdır. 

Layihənin Ağsu və Ağdaş şəhərində keçirilən seçim turlarında ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül qoyulub. Oyundan öncə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı yarış iştirakçılarını salamlamış, turnirin keçirilməsində əsas məqsədin "Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edildiyini və Ümummilli Liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycanın formalaşmasındakı fəaliyyətinin təbliğ olunmasına, Ulu Öndər irsinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək, Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, uşaq, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, tarixi qələbəmizə gənclərə intellekt yolu ilə aşılanaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıdığını qeyd etmişdir. Göstərilən dəstəyə görə rayon rəhbərliklərinə və yerli dövlət qurumlarına təşəkkürünü bildirib.

Seçim turunda ümumilikdə 25 komanda final uğrunda mübarizə aparıb. Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzulardan olan suallar iştirakçıların marağına səbəb olub. Hər regional seçim turunun ən çox xal toplayan komandaları layihənin final mərhələsinə vəsiqəni təmin ediblər.

Ağsu rayonu üzrə lll yeri müəllimlərdən ibarət "TutorLab" komandası, ll yeri "Alyans" komandası və rəqiblərini qabaqlayaraq l yeri əldə edən "Tardiqrad" komandası finala vəsiqə qazanıb.

Ağdaş gəncləri ilə olan yarışda isə lll yer "Birlik", ll yer "White Stone" və l yer olaraq "Marsaz" komandası 12 avqust 2023-cu tarixində Gənclər paytaxtı Mingəçevirdə final mərhələsində yarışma hüququ qazanıb. 

Ümumilikdə, Azərbaycanın 13 regionundan ən güclü 16 komandası 12 avqust 2023-cü il tarixində Gənclər Paytaxtı olan Mingəçevir şəhərində yerləşən Ağ Saray hotelinin akt zalında “Qalib Gəncliyimizin lll Zəfər Kuboku” layihəsinin qalibi adı uğrunda mübarizəyə qoşulacaqlar. 

Qeyd edək ki, layihə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

 

Rizvan FIKRƏTOĞLU,

“Xalq qəzeti”

Elm