Pandemiya dövründə Türkiyədə investisiya yolu ilə vətəndaşlıq proqramı cəmiyyətdə populyarlıq qazandı. Bu sahədə aparıcı şirkət olan “Henley & Partners”-in məlumatına görə, Türkiyə proqramı üçün müraciətlərin sayı 2021-ci ildə əvvəlki ilə nisbətən 900 faizdən çox artıb, 2022-ci il maraq və istək baxımından daha bir rekord il olub.
“Henley & Partners”in idarə heyətinin sədri Dr. Christian H. Kalin bildirib ki, son müraciətlərin əksəriyyəti ABŞ-dən, Pakistandan və Hindistandan gəldi: “İş adamları üçün Türkiyə 85 milyon əhalisi ilə coğrafi əhəmiyyətə malik olan böyük və cəlbedici ölkədir. Türk Hava Yollarının İstanbuldan həyata keçirdiyi 270-dən çox birbaşa uçuşu nəzərə alsaq, Türkiyə təkcə mühüm yerli bazar deyil, həmçinin regional biznes mərkəzi sayılır”.
İnvestisiya miqrasiyası iqtisadi cəhətdən etibarlı olan müxtəlif ölkələrdə fəaliyyətlərini şaxələndirərək, beynəlxalq bank əməliyyatları, investisiya azadlığı və sahibkarlıq imkanlarını sərbəst şəkildə həyata keçirərək gəlirlərini artırmaq və sabitləşdirmək istəyən şəxslər üçün cəlbedicidir. İnvestisiya proqramı çərçivəsində Türkiyə vətəndaşlığına müraciət edənlər üçün alternativ vətəndaşlığa sərmaye qoymaq fürsəti təkcə təklif edilən daşınmaz əmlakdan gəlir əldə etmək deyil, həmçinin ölkənin cəlbedici iqtisadi imkanlarına çıxış əldə etmək deməkdir.
“Henley & Partners” bu günə qədər 10 milyard ABŞ dollarından artıq birbaşa xarici sərmayə cəlb edərək dünyanın ən uğurlu proqramlarından bəzilərini layihələndirərək həyata keçirib. Hazırda dünyada 15 vətəndaşlıq proqramı uğurla fəaliyyət göstərir, bunların əksəriyyəti “Henley & Partners” tərəfindən layihələndirilmiş və təsis edilmişdir. İnvestisiya yolu ilə yaşayış icazəsi almaq üçün xeyli sayda proqram mövcuddur: hazırda dünyada 30-a yaxın proqram uğurla həyata keçirilir və daha çox ölkənin qanunvericiliyində bu və ya digər şəkildə investisiya miqrasiyası ilə bağlı müddəalar öz əksini tapmışdır.
Rizvan FIKRƏTOĞLU,
“Xalq qəzeti”