Sertifikatlaşdırma prosesi Azərbaycanda təhsilin yüksəlişini təmin edirmi?

post-img

Elm və təhsil naziri keyfiyyətin artırılması ilə bağlı problem və prespektivlərindən söz açdı

İyulun 6-da ADA Universitetində elm və təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü baş tutub. Tədbirdə yüksək nəticə göstərmiş müəllimlərlə yanaşı, mətbuat nümayəndələri, təhsil ekspertləri və digər şəxslər iştirak ediblər. Nazir “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda brifinq keçirib, imtahanlarla bağlı statistikanı ictimaiyyətə təqdim edib. 

Nazir bildirib ki, 2022-2023-cü illərdə 38 min müəllim sertifikatlaşdırma imtahanında iştirak edib. Sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Prosesin birinci hissəsi yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlərə başlanılacaq. Müəllimlik peşəsinin ən rəqabətli sahə olmasını nəzərə alsaq, bu baxımdan, sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Sertifikatlaşdırma prosesi həm də maddi cəhətdən müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablanıb.

223 ibtidai sinif müəllimi 0-9 bal toplayıb

Nazir Emin Əmrullayev deyib ki, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən dərs çıxarmaqdır: “İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib. 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. 10 faizi isə 10-19 bal toplayıb. 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib”.

Zəif nəticə göstərən ibtidai sinif müəllimlərinin çoxu orta ixtisas təhsillidir

E.Əmrullayevin sözlərinə görə, zəif nəticə toplayan ibtidai sinif müəllimlərinin çoxu orta ixtisas təhsillidir: “Sertifikatlaşdırma imtahanında iştirak edən ibtidai sinif müəllimlərinin 53 faizi orta ixtisas, 47 faizi isə ali təhsilli olub. İmtahan verən orta ixtisas təhsilli müəllimlərin orta balı 37, ali təhsillilərin isə 41 olub. 0-29 bal toplayanlardan 38 faizi orta ixtisas təhsilli, 20 faizi isə ali təhsilli olub. Daşkəsən, Ağcabədi və Astarada ibtidai sinif müəllimlərinin yarıdan çoxu imtahanın birinci mərhələsində uğursuz olub. Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Abşeron və Siyəzən isə ümumi orta bal göstəricisinə görə liderdir. Onlarda orta bal 40+dur”.

Azərbaycan dili fənni ilə bağlı standartlarda xeyli dəyişiklik edilib

İmtahanlarda suallarının çətin olacağına diqqət çəkən nazir deyib ki, bu, zamanla baş verəcək. Birdən-birə dərəcəni qaldırmaq faydasız olar: “Azərbaycan dili fənni ilə bağlı standartlarda kifayət qədər dəyişiklik edilib. Azərbaycanda 25 yaşdan yuxarı adamların təxminən 60 faizi oxuduğunu başa düşmür, yəni əsas məqsədini anlamır".

Müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb

Nazir bildirib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı 3 dəfədən çox artıb. 2022-ci ilin yanvar və sentyabr aylarında, 2023-cü ilin isə fevral ayında artımlar olub. Onun sözlərinə görə, hazırda orta aylıq əmək haqqı 830 manat təşkil edir: “Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərənlər üzrə 35 faiz əlavə alanlar 1270 manat, 10 faiz əlavə alanlar 1030 manat, imtahanda iştirak etməyənlər 750 manat alırlar. Çalışırıq ki, əmək haqqı artımına bundan sonra da nail olaq”. 

Nazir qeyd edib ki, 28 929 müəllim 500 AZN-ə qədər, 63 983 müəllim 500-1000 AZN arası, 34 165 müəllim 1000-1500 AZN arası, 6177 müəllim 1500-2000 AZN, 542 nəfər isə 2000 AZN və daha artıq maaş alacaq.

51-dən çox bal toplamaq dərhal direktor təyin edilmək mənasına gəlmir

Müəllimin imtahanlarda 51-dən çox bal toplaması onun dərhal direktor qoyulacağı mənasına gəlmədiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bunun üçün bəzi proseslər var: “Tövsiyə edərdim ki, yüksək nəticə toplayıb direktor olmaq istəyən müəllimlər peşəkar bir direktorun yanında müavin olsun, daha da püxtələşsin”.

Məktəb direktorlarına tam müstəqillik verilməsinin doğru olmadığını diqqətə çatdıran təhsil naziri qeyd edib ki, bu, bəzi neqativ hallara səbəb olur: "Bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi. Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb".

Gələcəkdə yüksək bal toplayan müəllimlərin metodist ola bilmələrini deyən E.Əmrullayev bildirib ki, məktəblərdə hazırda metodist sahəsi üzrə çatışmazlıqlar var: “Düşünürük ki, sertifikasiya imtahanında 51 balı keçmiş müəllim metodist kimi çalışa bilər. Hazırda məsələ ilə əlaqədar işlər aparılır”.

Məqsədimiz keyfiyyəti qaldırmaqdır

Təhsil naziri bu istiqamətdə nazirliyin iki əsas məqsədinə də toxunub: “Bizim iki məqsədimiz var: birincisi, keyfiyyəti qaldırmaq, ikincisi, həmin keyfiyyəti bərabər paylamaq. Biz savadsızlığa qarşı total reaksiya vermirik. Rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər. Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır. 

Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni həll edə bilmir. Belə şəxslərin sayı çox olmasa da, var”.

Nazir hesab edir ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək”.

Nazir, həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktorlara həvəsləndirici orden, medal və adların verilməsi çətindir: “Saxta yolla alim adı almış adamla əsl alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik".

Nazir sonda bildirib ki, problemləri nazirlik təkbaşına həll edə bilməz. Burada cəmiyyətin məsələyə münasibəti köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq.

Rizvan FİKRƏTOĞLU,

Foto – Elşən Ağalar

“Xalq qəzeti”












Elm