“Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

post-img

2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” 06 dekabr 2022-ci il tarixli Sərəncam imzalamışdır. Həmin sərəncamın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti 7 fevral 2023-cü ildə “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiq etmişdir.

Həmin Tədbirlər Planının 15-ci maddəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası aidiyyəti qurumlarla birgə 19 oktyabr 2023-cü ildə “Əhməd Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans keçirəcəkdir.

Konfransın problematikası:

1. Əhməd Ağaoğlunun həyatı, mühiti və şəxsiyyəti;

2. Əhməd Ağaoğlunun bədii yaradıcılığı və ədəbiyyatşünaslıq fəaliyyəti;

3. Əhməd Ağaoğlunun mətbu fəaliyyəti və publisistikası;

4. Əhməd Ağaoğlunun epistolyar irsi;

5. Əhməd Ağaoğlunun ictimai-siyasi fəaliyyəti;

6.  Əhməd Ağaoğlunun dünyagörüşü;

7. Əhməd Ağaoğlunun Türk birliyi idealı tarixilik və müasirlik kontekstində.

Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis

Konfransa qatılma şərtləri:

Özət və tam mətnin təqdim edilməsi və qiymətləndirilməsi:

Konfransa Azərbaycandan və xarici ölkələrdən uyğun araşdırmaçılar qatıla bilərlər. Bunun üçün araşdırmanın məqsədi, metodu, istifadə olunacaq mənbələr və mümkün elmi nəticələr daxil olmaqla, ən azı 1500 işarədən ibarət özət (tezislər) 25 may 2023-cü ilə qədər [email protected] ünvanına Azərbaycan, türk və ingilis dillərində göndərilməlidir. Özətlər sahə mütəxəssisləri tərəfindən konfrans mövzularına, elmi tədqiqat metodlarına uyğunluq və tədqiqatın orijinallığı baxımından qiymətləndirildikdən sonra müvafiq qərar veriləcək.

Konfransa göndərilən məqalələr daha əvvəl heç bir yerdə çap edilməməli, nəşr olunmuş kitabın, müdafiə edilmiş dissertasiyanın fəslində, əsas başlığında və ya alt başlığında yer almamalıdır.

Məqalənin tərtib olunma qaydaları:

- Mətnlər A4 formatında, sətirdən-sətrə keçirilmədən yığılmalı;

- Mətn Microsoft Word redaktorunda (.doc, .docx) təqdim edilməli;

- Məqalənin mətni açar sözlər, xülasə və ədəbiyyat siyahısı da daxil olmaqla, minimum 16000, maksimum 32000 işarə olmalı;

- Məqalə Times New Roman - 14 ppt şrifti ilə, sətirlərarası interval – 1,5 olmaqla yazılmalı;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altda sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, soyadı, ondan altda isə kiçik və adi şriftlə elmi dərəcəsi (varsa), elmi adı (varsa), iş yeri və elektron ünvanı göstərilməli;

- Məqalənin mətni Azərbaycan dilində yazılarsa, ingilis və rus dillərində, türk dilində yazılarsa, ingilis dilində, ingilis dilində yazılarsa, Azərbaycan dilində xülasə verilməli;

- Xülasənin həcmi 150-250 söz olmalı;

- Hər bir xülasədə məqalənin adı, müəllif(lər)in tam adı göstərilməli;

- Xülasələrin yazıldığı dillərdə minimum 5 açar söz verilməli;

- Ədəbiyyat siyahısı istifadə edilmə ardıcıllığı ilə tərtib edilməli,  məqalədə istinadlar düz mötərizə daxilində verilməli (məs: [5, s.12]);

- Məqalədə istifadə edilmiş ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat, mənbələr elmi məqalələr üçün biblioqrafik təsvirə uyğun verilməlidir.

KONFRANS TƏQVİMİ

Konfransın elan tarixi: 15 may 2023                                                         

Məruzə özətlərinin göndərilməsi üçün son tarix: 15 iyun 2023           

Qəbul edilən özətlərin elanı: 25 iyun 2023                                        

Məruzənin tam mətninin göndərilməsi üçün son tarix: 25 iyul 2023  

Qəbul edilən tam mətnlərin elanı: 25 sentyabr 2023                     

Konfrans proqramının elanı: 5 oktyabr 2023                    

Konfrans materiallarının nəşri: dekabr 2023

Konfransın Təşkilat Komitəsinin elektron ünvanı: [email protected]

 

Anar ƏLİ,

“Xalq qəzeti”

Elm