İqlim maliyyəsində Qlobal Şimalın məsuliyyəti

post-img

Böyük Britaniyanın QHT-nin nümayəndəsi Əsəd Rəhman COP29 sessiyası çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, Qlobal Şimal ölkələri təkcə 2030-cu ilə qədər dekarbonizasiya olunmamalı, həm də iqlim böhranının təsirlərinin yumşaldılması səylərinin “pulsuz istifadəsini” dayandırmaq üçün 1 trilyon maliyyə vəsaiti təmin etməlidir. ABŞ, Böyük Britaniya, Avropa İttifaqı, Yaponiya və Avstraliya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini iki və ya hətta üç dəfə artırmalıdır.

“Oil Change International” QHT-nin nümayəndəsi Kolin Risa isə deyib ki, ABŞ-nin, eləcə də Qlobal Şimalın maliyyə çatışmazlığı ilə yanaşı, bu konfransda təsirlərin yumşaldılması və qalıq yanacaqdan imtina məsələsində də ciddi fəaliyyəti nəzərə çarpmır. Halbuki həmin ölkələr problemi həll etmək gücündədir. ABŞ-də bu gün də qalıq yanacaq hasilatının artırılması davam edir, bərpaolunan enerji mənbələri üçün bəzi subsidiyaların verilməsinə və mühüm addımların atılmasına baxmayaraq neft-qaz sənayesinə qarşı tədbirlər görülmür. Beləliklə, iqlim böhranının əsas səbəbi olan qalıq yanacaq məsələsi həllini tapmır.

“Bu tendensiya indi də davam edir, biz görürük ki, həmin Qlobal Şimal ölkələri təsirlərin daha çox yumşaldılmasını istədiklərini söyləyərək digər ölkələri aldadır. Bu problem əvvəlcə öz daxilində həll edilməlidir. Sözügedən çətinliklərin əsas günahkarları olan Qlobal Şimalın və xüsusilə ABŞ-nin qalıq yanacaqdan imtina ilə bağlı danışması böyük səhvdir”, – K.Risa bildirib.

Ekologiya