Hazırda dünyanın əksər ölkələrində iqtisadi artım ətraf mühitin deqradasiyası, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlər fonunda müşahidə edilir. Bu isə insan sağlamlığına zərər vurur və sonrakı nəsillərin normal inkişafına mane olur.
İnsanın rifahının yüksəlməsinə xidmət edən iqtisadiyyat cəmiyyətin sosial şəraitinin yaxşılaşmasına mənfi təsir göstərir, eləcə də insan sağlamlığının itirilməsini şərtləndirir. Buna görə də indiki dövrdə modernləşmənin istiqaməti ətraf mühitin yaxşılaşdırılmasını gerçəkləşdirən, iqtisadi inkişafı sürətləndirən mütərəqqi innovativ texnologiyaların tətbiqinə yönəldilməlidir. Belə halda isə ekoloji təhlükəsizlik həm iqtisadi artım, həm də insanın özünün daha yaxşı yaşayışı və sağlamlığı üçün həlledici amilə çevrilir.
Yeri gəlmişkən, iqtisadiyyatın davamlı inkişaf tendensiyalarından biri də təbii ehtiyatlara və biliyə əsaslanan uzunmüddətli inkişafın təmin edilməsidir. Ancaq bəşəriyyət ənənəvi iqtisadiyyat modeli əsasında da çoxlu məhsul və xidmət yaradıb. Buna baxmayaraq, dayanıqlı iqtisadi inkişaf üçün iqtisadiyyatın yaşıllaşdırılması zəruridir. Ona görə də ayrı-ayrı ölkələrdə “yaşıl” texnologiyaların yaradılmasına böyük maraq göstərilir. Bu prosesdə rəqəmsal texnologiya və transformasiya əsaslı rol oynadığından onun problem və perspektivlərinin araşdırılması da mühüm əhəmiyyətə malikdir.
İqtisad elmləri doktoru Əlövsət Əliyevin İnformasiya Texnologiyaları İnstitutu Elmi Şurasının müvafiq qərarı ilə çap edilən “ Yaşıl rəqəmsal iqtisadiyyata keçid problemləri və həll istiqamətləri” monoqrafiyasında da (Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2024) ölkə iqtisadiyyatının yaşıllaşdırılmasında rəqəmsal texnologiya, innovasiya və trasformasiyaların mahiyyəti açıqlanaraq onların geniş tətbiqi problemləri təhlil olunub, eləcə də həlli mexanizmləri təklif edilib. Əsərdə həmin problemlərin aradan qaldırılmasına elmi dəstək verilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunun müvafiq şöbəsində uzun müddət ərzində aparılan elmi-tədqiqat işlərinin nəticələri öz ifadəsini tapıb.
Monoqrafiya qlobal və milli səviyyədə “yaşıl” iqtisadiyyata keçidin formalaşması, bu prosesdə effektivliyin yüksəldilməsi məqsədi ilə rəqəmsal texnologiyalar, innovasiyalar, eləcə də transformasiyaların tətbiqi, işlənilməsi məsələləri və onların həlli mexanizmlərinin tədqiqi diqqət mərkəzində saxlanılıb.
Əsər “yaşıl” rəqəmsal iqtisadiyyata keçidlə bağlı bəzi problemlərin həll yollarının hərtərəfli təhlilini təqdim etmək məqsədi daşıyır. Burada “yaşıl” rəqəmsal transformasiyanın asanlaşdırılmasında tənzimləmə məsələləri, bərpaolunan enerji ilə təminat proseslərində innovasiyalar və onların “ağıllı” texnologiyalarla inteqrasiyası, rəqəmsal vasitələrin iqtisadi sistem və proseslərdə tətbiqi nəticələri, dünyada uğurlu “yaşıl” rəqəmsal təşəbbüslərin nümunələrinin yayılması və s. kimi problemlər araşdırılır.
Ayrı-ayrı bölmələrdə problemlər müəyyənləşdirilir, onların aradan qaldırılması üçün praktik həllər, mexanizmlər və strategiyalar təklif edilir. Uğurlu araşdırmalarla, innovativ texnologiyalarla zəngin olan monoqrafiya “yaşıl” rəqəmsal iqtisadiyyata keçidi idarə etmək istəyən menecerlər, biznes liderləri, tədqiqatçılar, alimlər “yaşıl” vətəndaş elm iştirakçıları üçün yol xəritəsi rolunu oynayır.
XQ