Bakı konfransının xarici media tərəfdaşları

post-img

COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, “FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib.

Bildirilib ki, COP29 media tərəfdaşları iqlim konfransı çərçivəsində aparılan müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaq. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq.

Media tərəfdaşları konfransın əhatə dairəsini genişləndirərək COP29 məzmununu rəqəmsal kanallar, o cümlədən sosial media və onlayn platformalar vasitəsilə bütün dünyaya yayımlayacaq. Bu yanaşma qlobal miqyasda milyonlarla insanın COP29-un müzakirə və nəticələrinə cəlbinə şərait yaradır və məkandan asılı olmayaraq, tədbiri müxtəlif auditoriyalar üçün daha əlçatan edir.

Bundan əlavə, COP29-da media tərəfdaşlarının öz proqramları da təqdim olunacaq. Belə ki, “FT Live” telekanalının “FT Sessions at COP” verilişində Bakı Stadionundan panel sessiyalarının canlı yayımı təşkil olunacaq. Bu sessiyalar mühüm iqlim məsələlərinin həlli ilə bağlı ən son problemləri, habelə hadisələrin gedişatını və görülən işlər çərçivəsində əldə olunan irəliləyişləri müzakirə etmək üçün siyasətçiləri, şirkət rəhbərlərini və iqlim ekspertlərini bir araya gətirəcək.

“Project Syndicate” media qurumu mühüm qlobal iqlim problemlərinə dair dinamik müzakirələr platforması ilə çıxış edəcək. Bu panel sessiyaları zamanı çoxtərəfli inkişaf bankları və maliyyə institutlarının çağdaş dövrünün bərabər maliyyələşdirmə ehtiyaclarına necə uyğunlaşdığı, qlobal iqtisadi problemlər fonunda İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Panelinin ən son hesabatının təsirləri və iqlim fəaliyyətinə dəstək verilməsində generativ süni intellektin perspektiv rolu araşdırılacaq.

“Newsweek” isə özünün “Yaşıl keçidin əsas istiqamətləri” seriyasının üçüncü buraxılışını təqdim edəcək və burada həm dayanıqlılıq, həm də təmiz texnologiyalar sahəsində aparıcı simaları bir arada toplayacaq.

Azərbaycanda təmsil olunan “CBC” və “ANEWZ” media qurumları isə həm Mavi, həm də Yaşıl Zonalar üzrə əsas müzakirələrin və hadisələrin nümayiş etdirilməsində mühüm rol oynayacaq və COP29 iqlim fəaliyyəti və mesajlarının qlobal auditoriya çatdırılmasını gücləndirəcək.

Bununla yanaşı, Yaşıl Zonada tədbirləri qlobal müstəvidə, o cümlədən uzaq auditoriyalar üçün yayımlamaq məqsədilə lazımı avadanlıqlarla təchiz edilmiş Təsir Məkanı fəaliyyət göstərəcək. Bu məkanda gündəlik 30 dəqiqəlik canlı yayımda “Daily Show” verilişi təqdim olunacaq. Bundan əlavə, COP29-un gənc auditoriya üçün hazırlanmış canlı panel və müzakirələrdən ibarət olan “Extreme Hangout” zonası da burada təşkil olunacaq.

***

Tədbir məkanında – Bakı Stadionunun Mavi və Yaşıl zonalarında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar COP29-un yüksək səviyyədə keçiriləcəyindən xəbər verir.

Qeyd edək ki, tədbir məkanında 155 pavilyon var və onlarda çoxsaylı sərgilərin keçiriləcəyi nəzərdə tutulur. Azərbaycan pavilyonu 450 kvadratmetrdir. Burada gün ərzində onlarla tədbirin reallaşdırılacağı nəzərdə tutulur.

Tədbir məkanında olan C zonasında Azərbaycan tarixini əks etdirən guşə yaradılıb, buraya xüsusi eksponatlar gətirilib.

Bakı Stadionunun Mavi və Yaşıl zonalarında, ümumilikdə, 29 iclas otağı var. Nizami zalı əsas rəsmi tədbirlərin keçiriləcəyi məkandır, 1600 yerlikdir. Burada Liderlər Sammiti keçiriləcək. Tədbir məkanında COP29 dövründə, ümumilikdə, 500 avtomobil istifadə ediləcək. Onlardan 140-ı elektrik avtobuslarıdır.

***

COP29 Azərbaycan Əməliyyat Şirkətindən verilən məlumata görə, paytaxta gələn minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb. Mərkəzlərin məqsədi COP29-la bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır.

COP29 Məlumat mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.

Ümumilikdə, 9 məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən 7-si daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.

Məlumat üçün COP29 Azərbaycan Əməliyyat Şirkətinin istifadəyə verdiyi *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.

COP29 Məlumat mərkəzlərinin ünvanı:

1. Nizami küçəsi, “Nərgiz” TM-nin arxası

2. Dənizkənarı Milli Park, “Park Bulvar” TM-nin arxası

3. Albert Aqarunov küçəsi

4. “Koroğlu” m/s (Bakı Stadionu tərəfinə çıxış)

5. Heydər Əliyev Sarayı

6. “Port Baku” TM-nin çıxışı

7. “Sea Breeze Resort” kompleksi

8. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 1

9. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 2

Məlumat Mərkəzlərinin iş saatları:

Şəhər ərazisində: 10:00-19:00

Heydər Əliyev Beynəlxalq Aeroportu: 24/7

***

COP29-un Yaşıl Zonası dünəndən fəaliyyətə başlayıb. COP29 tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudovanın sözlərinə görə, Yaşıl Zonanın ümumi ərazisi 37 min 500 kvadratmetrdir. Burada 56 pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər var. Ərazidə, həmçinin dörd konfrans otağı var. Onlardan biri 200, digər 3-ü 70 nəfərlikdir. Burada 18 ikitərəfli görüşlər üçün otaqlar, 3 min nəfərlik yemək zonası var.

 

 

Ekologiya