Gürcüstanın Rustavi şəhərindəki Təhsil və Mədəniyyət Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş təntənəli toplantı keçirilib. Şəhər ictimaiyyətinin və mərkəzdə təhsil alan şagirdlərin iştirakı ilə keçirilən mərasimdə Gürcüstan və Azərbaycanın dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi hörmət və ehtiramla anılıb.
Mərkəzin direktoru Raida Dərziyeva, şairə Güllü Tomarlı, şair-publisist Rafiq Hümmət, ERA teatrının rəhbəri Anar Rafiqoğlu, Qaratəhlə ictimai məktəbinin direktoru Bəhram İsayev, müəllimə Mədinə Həsənova, ictimai fəal Vəfa Bayramova Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbə qazandığını, 30 ildən bəri pozulmuş ərazi bütövlüyünü bərpa etdiyini bildiriblər. Bu möhtəşəm qələbənin təkcə Azərbaycan ictimaiyyətində deyil, həm də borçalılar arasında qürur və iftixar hissləri yaratdığı qeyd olunub. Gürcüstanın işğal olunmuş əraziləri üzərində suverenliyini bərpa edəcəyinə də əminlik ifadə edilib.
Mərkəzdə təhsil alan şagirdlər mahnı, şeir və rəqslərdən ibarət konsert proqramı təqdim edib, Zəfər Gününə həsr olunmuş rəsmlərini sərgiləyiblər. Şairə Güllü Tomarlı kitablarını mərkəzə bağışlayıb.
XQ