Qara dəniz layihəsi COP29-da təqdim ediləcək

post-img

İlkin hesabatda texniki-iqtisadi əsaslandırma əksini tapacaq

COP29 Azərbaycan Əməliyyat Şirkətinin məlumatına görə, iqlim konfransı çərçivəsində keçiriləcək “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti”ndə dəhlizin texniki–iqtisadi əsaslandırmasının ilkin hesabatı təqdim ediləcək.

Xatırladaq ki, Avropaya ilkin mərhələdə 4 qiqavat “yaşıl” enerji tədarük edəcək, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı əhatə edən və Bolqarıstanın qoşulacağı bu önəmli layihənin texniki–iqtisadi əsaslandırılmasının ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Məlumata əsasən, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalandığı 2022-ci ilin dekabr ayından etibarən layihə üzrə Nazirlər–Rəhbər Komitənin 8 iclası keçirilib.

Bildirilib ki, bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Bu, Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq vacib layihədir. Azərbaycan başlanğıc nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünün də vacib tərəfidir.

“Xəzər–Qara dəniz–Avropa” yaşıl enerji dəhlizinin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur: “Beləliklə, Avropada təchizatın təhlükəsizliyini gücləndirəcək, eyni zamanda, təmiz enerjiyə keçidi sürətləndirəcək “Xəzər–Qara dəniz–Avropa”, “Azərbaycan–Türkiyə–Avropa” və “Azərbaycan–Mərkəzi Asiya–Avropa” “yaşıl” enerji dəhlizləri ümumAvrasiya miqyaslı vahid “yaşıl” enerji platforması olmağa iddialıdır. Azərbaycanın liderlik etdiyi bu layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpaolunan enerji sistemində istehsalla istehlak mərkəzlərini, regionları və qitələri əlaqələndirəcək, balanslaşmanı təmin edəcək. Avropaya yaşıl enerjini müxtəlif marşrutlarla Azərbaycan, Xəzər və Mərkəzi Asiya regionları kimi etibarlı enerji mənbələrindən gətirməklə strateji missiya yerinə yetirmiş olacaq.

Bu gün interkonnektorların şəbəkə dayanıqlığının artırılmasında və regionlar arasında daha geniş bərpaolunan enerjinin inteqrasiyasının dəstəklənməsində mühüm rolu ilə bağlı qlobal səviyyədə olan çağırışları nəzərə aldıqda ölkəmizin proaktiv addımlar atdığı bir daha aydın görünür.

 

Ekologiya