Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib ki, aşağı və orta gəlirli ölkələrin iqlimlə bağlı fəaliyyətlərini dəstəkləmək üçün 2030-cu ilə qədər 1,7-3,4 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinə ehtiyac var.
“Lakin hazırda bu ölkələrə illik iqlim maliyyə axını 425 milyard dollardan azdır. Bu axınlar 2030-cu ilə qədər ən azı 4 dəfə artmalı və bunun 80 faizdən çox hissəsini özəl sektor təmin etməlidir”, – A.Əzimova bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Maliyyə Korporasiyası 29-cu iqlim konfransına qədər Azərbaycan üçün “yaşıl” binaların inkişafı üzrə Yol xəritəsini təqdim etməyi planlaşdırır.
Mərkəz Bankın ölkədə “yaşıl” taksonomiya hazırladığını xatırladan A. Əzimova bunun Beynəlxalq Maliyyə Korporasiyası kimi investorlara Azərbaycanda “yaşıl” maliyyələşdirmə həllərini tətbiq etməyə imkan yaradacağını vurğulayıb.
A.Əzimova qeyd edib ki, iqlim proqramlarının həyata keçirilməsi üçün çox az vaxt qalıb. İlk növbədə Azərbaycan kimi inkişafda olan ölkələrdə bank kreditlərinin və iqlim layihələrinin sayını artırmaq lazımdır. Qlobal səviyyədə kifayət qədər likvidlik və vəsait mövcuddur. Lakin riskləri azaltmaq üçün qarışıq maliyyələşməni tələb edən layihələrin sayını və miqyası artırılmalıdır.