Enerji səmərəliyinə 7 dəfə çox investisiya tələb olunur

post-img

2030-cu ilədək bu məbləğ 31,5 trilyon dollara çatmalıdır

Energetika naziri Pərviz Şahbazov Pre-COP29 çərçivəsində keçirilən “BƏƏ Konsensusunun enerji nəticələrinin izlənməsi” mövzusunda yan tədbirdə bildirib ki, 2030-cu il hədəflərinə çatmaq üçün bərpaolunan enerji mənbələri hesabına fəaliyyət göstərən elektrik şəbəkələrində səmərəliliyi gerçəkləşdirmək məqsədilə 31,5 trilyon ABŞ dolları həcmində investisiya yatırımı zəruridir.

Hazırkı səviyyədə bu göstərici 2024-2030-cu illər arasında hər il tələb olunan 1,5 trilyon ABŞ dollarından azdır. Buna görə də bərpaolunan enerji potensialını və investisiya qoyuluşunu ildə 2 dəfədən çox, enerji səmərəliliyinə sərmayəni isə 7 dəfə artırmaq lazımdır.Nazirin sözlərinə görə, Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də milli və regional miqyasda bərpaolunan enerji potensialının artırılmasını şərtləndirən irimiqyaslı milli və transsərhəd layihələr həyata keçirir.

Energetika naziri daha sonra deyib: “2027-ci ilə qədər proqramımızın icrasının birinci mərhələsi çərçivəsində ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 MVt artıb. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində yaşıl enerji zonalarının yaradılması respublika miqyasında “xalis sıfır emissiya”ya keçid üçün əsas olacaq. 2030-cu ilə qədər 7 giqavat “yaşıl” enerji istehsal etmək planlarımız var.

Həmin göstəricinin 70 faizi ixrac ediləcək və biz ardıcıl olaraq 3 böyük yaşıl interkonnektor – “Xəzər–Qara dəniz–Avropa”, “Mərkəzi Asiya–Azərbaycan–Avropa” və “Azərbaycan–Türkiyə–Avropa” layihələri üzərində işləyirik. Həmin “yaşıl” enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya, daha geniş coğrafiyada “yaşıl” enerji keçidinə mühüm töhfə verəcək. Azərbaycan öz “yaşıl” gündəliyinə, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq səylərinə sadiqdir”.

Ekologiya