“Hər hansı bir işdə nəticə əldə etmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür. Biz COP29 çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yeni həll yolları tapmaq istəyirik”.
Bu sözləri PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil deyib. O qeyd edib ki, COP29 yeni həll yolları tapmaq üçün stimullaşdırıcı rol oynamalıdır: “Paris Sazişində qeyd olunanlar bütün ölkələrin gələcək ekologiya siyasəti üçün xəritədir. Düşünürəm ki, Azərbaycanda keçirilən COP29-da bu xəritəyə əsaslanılaraq önəmli qərarlar qəbul ediləcək”.
Saymon Stil vurğulayıb ki, qlobal əməkdaşlıq müsbət nəticələrə nail olmağın yeganə yoludur. Qəbul ediləcək qərarlar isə bütün ölkələrin öz iqlim məqsədlərinə çatmaq imkanını necə reallaşdıra biləcəyini müəyyənləşdirəcək.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi çıxışının sonunda beynəlxalq ictimaiyyəti və tərəfləri əməkdaşlığa çağırıb. O, eyni zamanda, Pre-COP29-un iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə müsbət nəticələrə nail olmağa kömək edəcəyinə və qarşıdan gələn sessiya üçün əsas rol oynayacağına ümid etdiyini bildirib.