Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda müzakirə olunan karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalarla bağlı Dövlət Vergi Xidmətinin əməkdaşı Oqtay Yaqubov mediaya müsahibəsində bildirib ki, 2016-cı il qəbul edilən Paris Sazişi iqlim dəyişmələrinə qarşı dayanıqlılığın, eləcə də istixana effektli qaz tullantılarının azaldılması üzrə inkişafın gücləndirilməsi məqsədi daşıyır. Azərbaycan 2016-cı ilin oktyabrında həmin sənədi ratfikasiya edərək üzərinə götürdüyü milli öhdəliklərin icrasına daim həssaslıqla yanaşır.
O.Yaqubov bildirib ki, iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək, ətraf mühiti bərpa etmək və təmiz ekoloji mühit yaratmaq son illərdə dünya ictimaiyyətinin prioritet mövzularından birinə çevrilib. Bu sahədə mövcud vəziyyəti tənzimləmək məqsədilə bir sıra tədbirlərin keçirilməsinə başlanılıb. Bu zaman ekoloji mühitin qorunması üçün müxtəlif vergilərin və mexanizmlərin tətbiqi məsələsi diqqətdə saxlanılıb.
Qlobal miqyasda iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində emissiya olunan istixana qazlarının səviyyəsinin azaldılması məqsədilə bir sıra karbon qiymətləndirmə vasitələrindən istifadə olunduğunu bildirən Vergi Xidməti əməkdaşı vurğulayıb ki, həmin vastələrin tətbiqi ilə iqtisadiyyatda yaranan mənfi kənar təsirlərin aradan qaldırılması, beynəlxalq təcrübədə “çirkləndirən ödəyir” prinsipinə əsasən ətraf mühitə daha çox zərər verən subyektlərin fəaliyyətinin məhdudlaşdırılması mühüm önəm daşıyır.
Mütəxəssis fikirlərinin davamında Dünya Bankının “2024-cü ildə karbon qiymətlərinin vəziyyəti və trendləri” adlı icmal hesabatına əsaslanaraq qeyd edib ki, beynəlxalq təcrübədə birbaşa və dolayı qiymətləndirmə mexanizmlərinin tətbiqinin geniş yayıldığını, karbon qiymətləndirməsi ilə atmosferə karbon qazı buraxan müəssisə və təşkilatları tullantıları azaltmağa və ekoloji cəhətdən daha təmiz fəaliyyətlərə keçməyə, o cümlədən bərpaolunan enerji mənbələrinə investisiyaları təşviq etməyə daha çox önəm verilir.
Nəticədə, təmiz texnologiyalara (məsələn, bərpaolunan və alternativ enerji mənbələri) keçid sürətlənir, şirkətlərin daha az karbonla məhsul və xidmətlər təqdim edə bilmələri üçün innovasiyaya təşviqi diqqətdə saxlanılır. Ümumiyyətlə, karbon qiymətqoyma ilə müxtəlif iqtisadi vasitələrə əsaslanılaraq həm ətraf mühitin qorunmasına, həm də iqtisadiyyatın ekoloji davamlı inkişafına töhfə verilir. Eyni zamanda, bu cür qiymətləndirmə ilə uzunmüddətli dövrdə əlavə gəlir mənbəyi yaratmaqla iqtisadi inkişafa müsbət təsir göstərilir.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə bir sıra karbon qiymətləndirmə vasitələrindən istifadə olunur. Bu vasitələr birbaşa və dolayı olmaqla 2 qrupa bölünür. Birbaşa qiymətləndirməyə karbon vergisi, emissiya ticarət sistemi mexanizmi, dolayı qiymətləndirməyə isə, əsasən, yanacaq vasitələrinə verilən subsidiyaların həcminin azaldılması, bərpaolunan enerji mənbələrinə investisiyaların qoyulması və s. aid edilir. Karbon vergisi emissiya olunan karbon qazının hər bir tonu üçün emitentlər tərəfindən ödənməli olan pul məbləğidir. Bu, emitentləri az emissiya buraxmağa təşviq edir, çünki daha çox karbon tullantısı istehsal edən daha çox vergi ödəməli olur. Karbon vergisinin tətbiq olunduğu əsas sahələr enerji istehsalı və istehlakı, nəqliyyat, sənaye və kənd təsərrüfatı sektorudur.
Dövlət Vergi Xidmətinin əməkdaşı fikrini əsaslandırmaq üçün diqqəti belə bir nümunəyə yönəldir: “Məsələn, bir ölkədə hökumət karbon vergisi tətbiq edir və hər ton karbon qazı üçün şirkətlərdən 10 dollar vergi alınır. Əgər bir şirkət il ərzində 100 ton karbon tullantısı istehsal edərsə, bu şirkət 1000 dollar vergi ödəməli olacaq. Əlavə vergilərin tətbiqi istehsala çəkilən xərcləri artırmış olur. Bu məqsədlə şirkət tullantılarını azaltmaq üçün yeni texnologiyalar tətbiqinə başlayır, çünki tullantıları azaltmaq onlara iqtisadi cəhətdən daha sərfəli olur”.
Dövlət Vergi Xidmətinin bu istiqamətdə hədəfləri ilə bağlı mütəxəssis bildirib ki, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar gündəlik “yaşıl” enerji ilə bağlıdır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanan “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib. Ölkə iqtisadiyyatında aparılan ardıcıl və davamlı islahatlar həyata keçirilən vergi siyasətinin çevik iqtisadi tənzimləmə mexanizminə malik olmasını zəruri edir.
Azərbaycan Respublikasının vergi sisteminin son illərdə əldə etdiyi uğurlardan biri də onun beynəlxalq vergi sisteminə inteqrasiya etməsi və vergi sahəsində islahatçı ölkələr qrupuna daxil olmasıdır. Məlumdur ki, ölkəmizdə aşağı emissiyalı məhsul və sənayeləri təşviq edən qanunvericilik aktları qəbul edilib. Bu baxımdan elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına tətbiq olunan güzəştlər, investisiya təşviqi sənədi üzrə təşviqlər, köhnə maşınların ölkəyə idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla tətbiqi və s. həyata keçirilir.